“Əsgərimizin qüruruna hörmət etmək bacarığımız olmalıdır, vəssalam!”backend

"Əsgərimizin qüruruna hörmət etmək bacarığımız olmalıdır, vəssalam!"

Sosial media şəbəkələri olmasaydı, bəlkə də müharibənin dəhşətlərini anlamaq üçün alman yazıçısı Erik Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanını oxumaq lazım gələrdi. Amma 44 günlük Vətən müharibəsi qazilərinin döyüş və ya yaralanma səhnələrini sosial media şəbəkələrində təsvir edən hekayətlərini oxuyanda, qələbəmizin Azərbaycan əsgərinin əzablı yollarının və anlarının sayəsində qazanıldığını çox yaxşı anlayırsan. Və bu, zəfərimizi gözümüzdə daha da ucaldır, onu misilsiz edir.

Mühasirəyə düşməkdən, dəfələrlə ölümlə üz-üzə gəlməkdən, ağır döyüşlər zamanı əsgər yoldaşlarının ölümünə və yaralanmasına şahid olmaqdan, qolunun və ya ayağının özündən ayrı düşməsindən, mərminin qopardığı ayağını götürüb soyuq torpaqda sürünməkdən tutmuş günlərlə ac qalmağa, düşmənə əsir düşməmək üçün özünəqəsdə hazır olmağa, günlərlə yaralı vəziyyətdə kömək gözləməyə qədər dəhşət saşan sətirləri oxumaq möhkəm ürək, əsəb tələb edir. Təkcə oxumaq…

Amma kimsə özünü həmin əsgərin və ya zabitin yerinə qoya, onun ağrılarını və əzablarını hiss edə bilərmi? Müharibədən sonrakı vaxt sosial media şəbəkələrində deyilən fikirləri oxumaqla – yox.

Əgər əksinə olsaydı, izləyicilərin bəziləri əsgərlərin artıq postmüharibə dövründə müharibə qanunlarına uyğun olaraq hər çətinliyə dözməsini iddia etməz, özlərinə adi şərait yaradılması fikrini dilə gətirməsini ayıb iş kimi qələmə verməzdilər. Bəli, düşmənin vəhşiliyi nəticəsində xaraba qalmış torpaqlarımızda həyat üçün məqbul şərait yaradılması müəyyən vaxt tələb edir. Amma məsləhətçilərin bunu yolverilməz hərəkət kimi qələmə verməsi anlaşılmazdır. Dövlət strukturları hər bir narazılıq doğuran məsələdən dərhal xəbər tutmalı və ölçü götürməlidir ki, hansısa maraqlı qüvvələrin bu vəziyyətdən sui-istifadə etməsinə yol verilməsin.

Axı söhbət 2016-cı ilin aprel, 2020-ci ilin iyul savaşlarında və sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində canı və qanı bahasına torpaqlarımızı qarış-qarış işğaldan qurtarmış və düşməni kapitulyasiyaya vadar etməklə ölkəmizin ərazi bütövlüyünü təmin etmiş mərd əsgər və zabitlərimizdən gedir. Hazırda məhz onların fədakarlığına görə hər birimiz, himnimizdə deyildiyi kimi, üçrəngli bayrağımızla məsud yaşayırıq. Bu gün Dağlıq Qarabağda gizlənən silahlı erməni terrorçularını zərərsizləşdirən və əsir götürən, rus “sülhməramlı”larına yerini göstərən də  Azərbaycan əsgəridir.

Doğrudur, əsgər həyatı sanatoriya rejiminə bənzəmir, amma son illərdə Müdafiə Nazirliyinin hərbi hissələrdə yaratdığı şərait NATO standartlarına uyğunlaşdırılır və bu, sevindiricidir. İnanırıq ki, tezliklə ermənilərdən azad edilmiş ərazilərimizdə, hətta yüksəkliklərdə də keşik çəkən əsgərlərimiz üçün bütün tələblərə uyğun şərait yaradılacaq.

Vaxtilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dərs deyən türk zabitləri öz müdavimlərinə zabit qürurunun məişət səviyyəsinə endirilməməsi, onların zabit şərəfinə xas olaraq döyüş meydanında hərəkət etməsi kimi fikirləri təlqin edirdilər. Bu baxımdan qalib ordunun əsgərinin kiminsə gətirdiyi siqaret qutuları, corab yardımları qarşısında boynubükük şəkildə növbəyə düzülməsi, bundan şou düzəldilməsi çox üzücü təsir bağışlayır. Polad Həşimov kimi generalın başçılıq etdiyi hərbi hissədə belə hadisə baş verə bilməzdi. Mübariz İbrahimov kimi düşmənə qan udduran 22 yaşlı “əjdaha” döyüşçü bu cür hərəkəti özünə yaraşdırmazdı. Qalibiyyətilə xalqına qürurlu anlar yaşadan əsgərin heysiyyatına toxunmaq olmaz!

Nə yaxşı ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb. “Bravo” supermarketlər şəbəkəsi bu humanist təşəbbüsə qoşularaq müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaları böyük hörmət və ehtiramla Azərbaycan əsgər və zabitlərinə çatdırıb. Bundan öncə isə onların hər birinin istəyi öyrənilib. Əslində, bu, bütün xeyriyyəçilər üçün nümunəvi addımdır.

Müharibə dönəmində bir tanışım belə əhvalat danışmışdı. O, nəqliyyat kartına pul yükləmək üçün növbəyə dayanan əsgərimizi yubatmamağı, onu irəli buraxmağı təklif etmişdi. Bir gənc dönüb “Niyə?” sualı verəndə, ağsaqqal “Biz Bakıda rahat oturmuşuq, o isə bizi müdafiə etmək üçün ölümə yollanır” cavabını vermişdi. Məncə, çox ibrətamiz hadisədir.

Hamımızın Vətən qədər sevdiyimiz Türkiyədə “mehmetcik” adlandırılan əsgər və zabitlərə xüsusi hörmət və ehtiram mövcuddur. Həmin münasibət heç də əsgərə hansısa corabın və ya siqaret qutusunun verilməsilə ölçülmür. Türkiyədə bu məsələ sistemli şəkildə idarə olunur.

Bəlkə biz də əsgərimizin qüruruna hörmət etmək anlamı və bacarığı səviyyəsinə yüksələk?

Xatirə SADİQ,

konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*