“Payız mövsümündə ətin qiymətində artım ehtimalı var”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib.
Akif Nəsirli
Ekspert bildirib ki, payız aylarında qiymətləri formalaşdıran bir neçə amil nəzərə alınmalıdır:
“Yayda isti hava heyvanların xəstələnmə riskini artırır və nəticədə çıxdaş prosesi çoxalaraq istehsalı azaldır. Bu isə qiymətlərin bahalaşmasına təsir edir. Payızda isə havalar sərinləşdiyi üçün xəstəlik riski azalır. Amma eyni zamanda yem bahalaşır. Bu isə daxili bazarda yerli istehsala təzyiq yaradır”.
Akif Nəsirlinin sözlərinə görə, Azərbaycan ət bazarında idxalın rolu böyükdür:
“Ətə olan tələbatın yarıdan çoxu idxal hesabına ödənilir. BMT-nin Kənd təsərrüfatı və ərzaq təşkilatının (FAO) proqnozlarına əsasən, 2027-ci ilə qədər dünya bazarında iri və xırdabuynuzlu heyvanların ətində bahalaşma gözlənilir. 2027–2034-cü illərdə isə müəyyən ucuzlaşma ehtimal olunur. Quş və donuz ətində isə qiymətlərin sabit qalacağı proqnozlaşdırılır”.
İqtisadçı hesab edir ki, daxili bazarda yay aylarında qeydə alınan bahalaşma fonunda yaxın aylarda ciddi ucuzlaşma gözlənilmir:
“Əksinə, yanvar ayına qədər ətin qiymətində təxminən 1–1,5 manat artım ola bilər”.
Aynurə İsmayıl
KONKRET.az