Hindistan yeni kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) yaradan “Eurodrone” proqramına müşahidəçi qismində qoşulub.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda deyilir: “Avropa Kooperativ Silah Əməkdaşlığı Təşkilatı (OCCAR) bu gün Hindistanın “Eurodrone” beynəlxalq aviasiya proqramına qoşulmasını alqışladı və Asiya-Sakit Okean regionunda Yaponiyadan sonra müşahidəçi statusu alan ikinci ölkə oldu”. Hindistan 2024-cü ilin avqustunda müşahidəçi statusu almaq üçün müraciət edib, Yaponiya isə 2023-cü ilin noyabrında proqrama qoşulub. Müşahidəçi ölkə texniki məlumatlara çıxış əldə edə və hazır məhsullar üçün sifariş verə bilər. Lakin dronun dizaynında və ya iş yerlərinin bölüşdürülməsində söz sahibi deyil. Uzun uçuş müddəti olan orta hündürlükdə Avropa pilotsuz təyyarəsinin yaradılması proqramı təqribən yeddi milyard avro dəyərində qiymətləndirilir. 2016-cı ildə başlanmış layihə üzərində Fransa, Almaniya, İtaliya və İspaniya işləyir. Kəşfiyyat vasitəsi Avropanın Amerikanın “MQ-9B Reaper” PUA-larından asılılığını azaldacaq.
Vəli Həsənoğlu,
KONKRET.az