Bəzən vəfat etmiş şəxsin mülkiyyətinin bölünməsi zamanı tərəflər arasında problemlər yaşanır. Vüsalə Ağayeva (ad, soyad şərtidir) da eyni problemlə qarşılaşıb.
Xanım deyir ki, yaşadıqları ev dünyasını dəyişmiş babasının adına olub. Hazırda atasının da ağır xəstə olduğunu xatırladan xanım fors-major halında onun payına düşən mülkün taleyinin necə olacağı, bu məsələnin qanunvericiliklə necə tənzimləndiyi ilə maraqlanır:
“Ev babamın adınadır. Babam isə rəhmətə gedib. Babamın atamdan savayı iki qızı da var. Qanuni vərəsə kim sayılır? Atam da yataq xəstəsidir. Atama nəsə olsa, vərəsəlik bacılarına keçəcək, ya övladlarına?”.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov deyib ki, müraciət edən şəxsin babası dünyasını dəyişdiyi zaman mülk onun övladları arasında müəyyən olunmuş şəkildə bölünəcək.
“Vərəsəlik anlayışı ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun və ya vəsiyyət üzrə keçməsidir. Qanun üzrə vərəsəlik o zaman nəzərdə tutulur ki, ölmüş şəxsin vəsiyyəti olmur, vərəsələr isə qanun üzrə şəxsin sağ olan qohumları hesab olunurlar. Vərəsəlik hüququnda mirasın bölgüsü fiziki şəxsin ölmündən sonra həyata keçirilir. Bu zaman mütləq şəkildə vərəsələrin hər biri dəvət olunur. Şəxs vəfat etdikdən sonra onun birinci dərəcəli qohumları əsasən 5 ardıcıl kateqoriya üzrə çağırılır. Dərəcələrdən biri mövcuddursa, digərlərinə ehtiyac olmur. Şəxs vəfat etdikdən sonra onun vərəsəsi ölənin uşaqları, yoldaşı və valideynləridir. Müraciət edən şəxsin babası dünyasını dəyişdiyi zaman onun övladları arasında paylar qanunla müəyyən olunmuş şəkildə bölünəcək. Övladlarından hər hansı biri sağ deyilsə, pay irsi transmisiya ilə onun övladları arasında mütənasib formada bölünəcək”.
Aygün Mirakif
KONKRET.az