Sifarişlə ev tikintisi ilə məşğul olan şirkətlərin sayı kəskin sürətdə artıb. Hazırda Bakıda və Abşeronda müxtəlif qəsəbələrdə bu işlə məşğul olan çox sayıda realtor və sahibkar fəaliyyət göstərməkdədir.
Ev tikməyə birbaşa maddi imkanı olmayan vətəndaşların bir çox bu variantı olduqca sərfəli hesab edir. Ümumi qiymətin 10-15 min manat dəyərini ilkin ödəniş etməklə və qalan hissəsini aylıq kredit formasında qaytarmaqla evlərin tikdirilməsi mümkündür.
KONKRET.az sözügedən şirkətlərin təklif etdiyi şərtləri və göstərdiyi xidmətləri araşdırıb.
Elan saytlarında və ev tikintisi ilə məşğul olan tikinti şirkətlərinin sosial şəbəkə səhifələrində müxtəlif şərtlərdə təkliflərə rast gəlmək mümkündür. Evlərin tikintisi və təmir-dizayn işləri müştərilərin zövqünə görə aparılır.
Elanlara nəzər saldıqda, qiymət və təkliflərin müxtəlif olduğunu görmək olar. Məsələn, tikinti sifarişləri ilə məşğul olan şirkətlərin biri 50 kvadratmetr sahəsi olan 2 otaqlı həyət evini ilkin ödəniş 5 min manat olmaqla, 46 ay ərzində 800 manata təklif edir.
Ev 12 aya təhvil verilir. Şirkətlərin bəzilərində ilkin ödəniş məbləği 25-30 min manatdək artır. Görünən odur ki, ilkin ödənişin yüksək olması aylıq kredit məbləğlərində və evin ümumi qiymətində müəyyən güzəştləri təmin edir.
Əmlak ekspertləri vətəndaşlara əməkdaşlıq edəcəkləri şirkətləri öncədən araşdırmağı tövsiyə edir. Bəzi hallarda hansısa şirkət evi təhvil vermədən və yaxud müqavilə müddəti bitmədən ləğv edilə yaxud müflis ola bilər. Bu kimi səbəblərdən tikintini icra edəcək şirkətin adı və fəaliyyət tarixçəsinə baxmaq olduqca önəmlidir./yenisabah