Taksilərlə bağlı ajiotaj böyüdükcə bu sahədə yeni islahatların vacibliyi meydana çıxıb. Qayda-qanun əsas prioritetlərdən hesab olunur. Taksilərlə bağlı müəyyən çatışmazlıqlar cəmiyyətin də diqqətindən yayınmır. Düzdür, taksi fəaliyyəti ilə məşğul olmağa üstünlük verənlərin əksəriyyəti bu sahəni sosial səbəblərdən seçib. Hər kəs onları qınayır, hamı onlardan danışır. Bir parça çörək pulu üçün hər gün 12-15 saat sükan arxasında yüz kilometrlərlə yol sürən adamın sosial durumu nəzərə alınırmı? Demək çətindir. Amma taksi sahəsində çatışmazlıqlar da yetərincədir və qayda-qanun yaratmağa ehtiyac labüddür.
Ötən həftə Milli Məclisdə Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihələr ilk oxunuşda qəbul olunub.
Məsələylə bağlı millət vəkili Fazil Mustafa KONKRET.az-a açıqlama verib:
“Əslində bu sahədə qayda-qanun yaratmaq vacibdir. Amma bunun üçün birinci növbədə sosial səbəblərini araşdırmaq lazımdır. Hansı səbəbdən qeyri-peşəkar insanlar taksi sürücülüyünə gəlirlər? Bunlar əslində ayrı-ayrı sahənin insanlardır, işsiz olduqlarına görə vəziyyətdən çıxış yolu kimi bu sahəyə üz tuturlar. Bu da əslində böyük sosial problemdir. İşsizliklə bağlı bu məsələni həll etmək lazımdır. İnsanların dolanışığı olmadığına görə bu sahəyə üz tutduqlarını görürük. İndi burada qayda-qanun yaratdın, başa düşürük. Müəyyən elementlər var ki, vətəndaşların həyatı üçün təhlükə yaradır. Bəs buradan uzaqlaşdırılan insanlar hansı təbəqəyə daxil olacaqlar? İlk olaraq bunu düşünmək lazımdır.
İkincisi, ictimai nəqliyyatın keyfiyyəti qaldırılmalıdır. İctimai nəqliyyat faktiki olaraq keyfiyyətsiz fəaliyyət göstərir. Metroda adamlar burun-buruna qalıblar. Hansısa şəkildə metro tikintisi davam eləmədi və xeyli sayda nəqliyyat yükü məhz yerüstü nəqliyyatın üzərinə yönəldi. Şəhərdə avtobusdan başqa ictimai nəqliyyat vasitəsi yoxdur. Tramvay, trolleybus, alternativ variantlar yoxdur. Ona görə də bu məsələ bizi düşündürməlidir. Buradan yeni bir işsizlər ordusu yaratmağa yönəliriksə, indidən bunun həyəcan təbilini çalmaq lazımdır. Digər tərəfdən, bu məsələ müəyyən tənzimlənmə ilə də ola bilər. Amma burada sual doğuran məsələlər var. Müəyyən bahalı taksometrlərin və digər avadanlıqların alınması məsələsi qoyulur. Bu, hansı qiymətə alınacaq? Adətən biz görmüşük ki, 5 manatlıq avadanlıq 100 manata alınıb, dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Hər dəfə bizim əlimizlə qanunlar çıxarılır. Amma bu qanunun icrası zamanı neqativ məsələlər ortaya çıxır. Bunun aydın izahını vermək lazımdır. Konkret olaraq nə düşünülür? Bahalı cihazların alınması nə dərəcədə sərf edəcək? Taksi qiymətinin bahalı olması insanları avtobusa yönəldəcək, bəs avtobusda normal şərait yaratmışıqmı? Mənzil başına vaxtında gələ bilirmi? Bu baxımdan məncə bir sıra suallar qalır. Bu suallar öz həllini tapmalıdır ki, ondan sonra bu sahədə də islahat aparılsın. İslahata ehtiyac var. Amma o halda ki, bunun neqativ nəticələrini də ortadan qaldırmaq mümkün olsun”.
Vəli Həsənov,
KONKRET.az