backend

Fikrət Yusifov: “Vətəndaş 120 azn illik xidmət ödəməklə, yeri gəldikdə 1000 azn və daha çox məbləğdə tibbi yardım ala biləcək”

“Ayda 700 manat maaş alan vətəndaş üçün ildə 120 AZN Tibbi Sığorta pulu ödəmək problem deyil”

Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulur. Artıq icbari tibbi sığorta haqqının məbləği də müəyyənləşdirilib. Belə ki, bu haqq muzdlu işçilərin əmək haqqından tutulacaq. Bu zaman əmək haqqının 2 faizi işçidən, 1 faizi isə işəgötürəndən olmaqla cəmi 3 faiz ödəniş tələb ediləcək. İşləməyən vətəndaşlar isə illik 120 manat ödəməklə sığorta paketini əldə edə biləcəklər. Məlumat üçün bildirək ki, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur.

Uzun zamandır tətbiqi gecikən və nəhayət həyata keçirilməsi gerçəkləşən İcbari Tibbi Sığorta paketi əslində pulsuz olamlı deyilmi?. Ümumiyyətlə tətbiq edilən verginin məbləği ölkə vətəndaşının cibinə uyğundurmu?

Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov KONKRET.az – a mövzunu şərh edərkən bildirib ki, əslində icbari tibbi sığortanın özünün xidmətlər zərfi mövcuddur:“Bu zərf iki hissədən ibarətdir . Birinci hissəyə zəruri tibbi xidmətlər daxildir. Yəni baza hissəsinə ilkin səhiyyə, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir. Bu zərfə daxil olan xidmətin təxminən 29 azn məbləğini dövlət büdcədən ödəyir. Ancaq xidmətlər zərfinin əlavə hissəsi də var ki, bura bir sıra tibbi hərəkətlərin tətbiqi daxildir. Bu xidmətlər zərfinin ödəyiciləri isə müxtəlif dövlət strukturlarında çalışanlar və işə götürənlərdir”.

Fikrət Yusifov

Fikrət Yusifovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqində dünya təcrübəsi mövcuddur: “Bir çox dünya dövlətləri də İcbari Tibbi Sığortanın tətbiqində həm vətəndaşların, həm də büdcənin vəsaitindən istifadə edirlər. Dünyanın ən aparıcı ölkəsi olan ABŞ-da da bu məsələdə vətəndaşların iştirakı təmin olunur”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda orta aylıq əmək haqqının məbləği təxminən 700 AZN civarındadır. Bu barədə ölkə prezidenti də çıxışlarında fikirlər səsləndirib: “Hesab edirəm ki, bu məbləğdə orta aylıq əmək haqqı olan ölkədə illik 120 azn ödəmək elə də çətin deyil. Vətəndaş 120 azn illik xidmət ödəməklə, yeri gəldikdə 1000 azn və daha çox məbləğdə tibbi yardım ala biləcək. Üstəlik, qeyd etmək lazımdır ki, böyük bir kateqoriyadan olan insanlar, tibbi sığorta ödənişlərindən azad ediliblər. Bura 18 yaşına qədər olan yeniyetmələr, 22 yaşına qədər orta ixtisas və  peşə məktəblərində, o cümlədən  ali təhsil müəssisələrində təhsil alan tələbələr, təqaüdçülər, sosial yardım alan insanlar , ərazi poliklinikalarında qeydiyyatdan keçən hamilə qadınlar  və digər bu kateqoriyadan olanlar daxildirlər.  Əmək haqqı alan digər kateqoriyalı insanlar üçün isə illik 120 azn ödəmək böyük problem deyil”.

Müşfiq Tofiqoğlu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*