Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət Ermənistanı dalana dirəyib. Qərbdəki havadarlarının köməyinə güvənən ermənilər dalandan çıxmağa çalışsalar da, hadisələrə diqtə edən Azərbaycanın uğurlu siyasəti nəticəsində istəklərinə nail ola bilmirlər.
Düzdür, Fransa Ermənistanı hərbi-siyasi sahədə dəstəkləyir və ermənilərə bütün istiqamətlərdə yardım etməyə hazır olduğunu bəyan edir. İndi Fransa Ermənistanı silahlandırmaqla məşğuldur və onların bu siyasəti Cənubi Qafqazda sülhə təhdiddir. Azərbaycan prezidenti İlham Əliyev Fransanın Ermənistana silah verməsinə münasibət bildirərkən qeyd edib ki, “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.
Məsələ ilə bağlı millət vəkili Zahid Oruc KONKRET.az-a açıqlamasında bildirdi ki, indi Azərbaycanı hansısa formada mövqeyindən çəkindirmək üçün addımlar atılır: “Vətən müharibəsindəki qələbəmizin ən mühüm nəticələrindən biri həm də regionun Minsk üçlüyündən xilas edilməsi oldu. Eləcə də yeni arxitektura üçün böyük imkanlar açdı. Lakin Fransa açıq-aşkar həmin dövrdən Ermənistanı hərbi cəhətdən himayəyə götürməklə, öz mövqeyini irəli sürməkdəydi. Amma Bakı ilə kommunikasiya kanallarını qoruyub-saxlamaq üçün bir qədər neytrallıq göstərirdi. Ancaq həmin zaman kəsiyində Ermənistanın müdafiə naziri Fransanın silahlı qüvvələrinin rəhbəri ilə gürüşmüşdü və onların ilk açıqlamalarına bizim ciddi reaksiyalarımız olmuşdu.
Çox yaxşı xatırlayıram ki, elə parlamentdə mən bu məsələyə öz münasibətimi ifadə etmişdim. Burada əsas məsələ ondan ibarətdir ki, hazırda Ermənistanı silahlandırmaq xətti seçən dairələr guya bu vasitə ilə bizim qarşımıza sədd çəkmək, növbəti müharibənin qabağını almaq, daha çox toqquşmalara meydan verməmək, regionda sülh inşa etmək və sair niyyətlərini söyləyirlər. Əsla bu, avantürist mövqedir, çünki Ermənistanın gələcəyinə, təhlükəsizliyinə və bütövlüyünə ən yaxşı zəmanəti iki ölkə verə bilər. Onlardan birincisi Türkiyə, ikincisi Azərbaycandır.
Ölkə rəhbəri iki gün öncə Gürcüstana səfəri zamanı çox açıq mətnlə bir tərəfdən Ermənistanın ərazi bütövlüyünə münasibəti, digər tərəfdən məhz Tbilisidə belə görüşlərin daha qərəzsiz keçirilməsi üçün imkanların olduğunu söyləməsi də sübut edir ki, Parisdə məlum öncəgörmələr regiona NATO-nu gətirmək üçündür.
Mən 2021-ci ilin görüşlərindən bəhs etdim, onun ardınca baş verənlər də məlumdur. Aİ-nin müşahidə missiyası adı altında casus şəbəkəsini, Avropa paytaxtlarına məlumat verən şəxsləri gətirib Ermənistanda yerləşdiriblər. Biz o zamanda söylədik ki, bu, NATO-nun gələn ayaq səsləridir. Zamanında onlar Gürcüstanda tam yerləşə bilmədilər, indi isə Ermənistanı seçirlər, amma bu, İrəvanın taleyini Əfqanıstana çevirmək cəhdidir.
Parisdən gəlib, bütün sərhəd boyu süngüləri irəli verib, buranı qorumaq qeyri-mümkündür. İran, nəhayət, o siyasətin ağır nəticələrini öz üzərində görüb məsələni anladı. Rəsmi Tehran başa düşdü ki, onu embarqolara və sanksiyalara məruz qoyan Qərb Qafqazı ələ keçirməyə çalışır.
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin strategiyası qalib gəldi. İki ölkə baş nazirlərinin müavinləri səviyyəsində məhz, elə o 42 km-lik Zəngəzur dəhlizi adlandırdığımız yer sanki İran ərazisinə keçdi. İndi onu nə istəsəniz, adlandıra bilərsiniz. Faktiki olaraq o coğrafiyanın hamısı Zəngəzur mahalı idi. Hətta “biz sizin babanızıq, nəvə olaraq siz bizdən qopmusunuz, ayrılmısınız”, – deyən Tehran hakimiyyət təmsilçiləri də həmin ərazinin tarixini çox yaxşı bilirlər. Çünki onların məxfi arxivlərində bunlar hamısı qorunub-saxlanır.
- Rusiyanın da təzyiqləri artıq ortadadır. Onlar məlum sanksiyalardan sonra cənuba doğru yeni kommunikasiyaların açılmasında maraqlıdırlar. Buna görə də Rusiya Azərbaycana strateji müttəfiq kimi yanaşır. Bu isə Türkiyənin və ölkəmizin mənafeyinə tamamilə uyğundur. Ona görə də Fransa müasir silahlarını Ermənistana göndərməyi hədəfləyir.
Düzdür, onlar həmin silahları pulsuz verməyəcək. İlkin dövr üçün bəlkə də siyasi kampaniya naminə müəyyən miqdarda silahı Ermənistana pulsuz göndərə bilərlər. Onun ardınca isə mütləq hesablar ödənəcək. Çünki Qərb rasional olaraq buna öyrənib. Həm də Paşinyanın sonuncu Avropa görüşlərində onlara veriləcək 2 milyard avronun iki dəfə artırılacağı ilə bağlı da bəyanat səslənib.
Beləliklə, ehtimal etmək olar ki, həmin vəsaitin müəyyən bir hissəsi qaytarılıb elə Fransaya silah almaq üçün veriləcək. Fransa hər bir ermənini silahlandırsa belə bu savaşı udmaq mümkün deyil. Bu ermənilərə vurulan ən böyük zərbədir. Çünki onların rasional olaraq təhlilçi qrupları indiki vəziyyətdə, hətta özlərinin dediyi “Arsax”ın təslim olduğu, minlərlə insanın çıxdığı şəraitdə Paşinyan hakimiyyətini devirmirlərsə, dərk edirlər ki, yeni müharibə heç bir perspektiv vəd etmir.
Ona görə də indi ermənilərin mühüm bir hissəsi həqiqətən sülh tərəfdarıdır. Fransanın verdiyi silahları elə məhz onların özünü öldürən hərbi vasitələr kimi də dərk edirlər. Ona görə də küçə və meydanlarda dövlətin ünvanına xüsusi aksiyalar, tədbirlər qeydə alınmır.
İlkin olaraq regionda demilitarizləşmə siyasətinə çox ehtiyac var. 20 sentyabrdan sonra Azərbaycanın özünün suverenliyinə qovuşması fonunda Qafqazda nəhayət qalıcı sülhün bərqərar olması imkanları var.
Cənab Prezidentin əslində 20 sentyabr müraciətində uzaq paytaxtlara səslənməsi: “Əlinizi Qafqazdan çəkin!” kimi qətiyyətli sözləri öz-özlüyündə böyük bir coğrafiyanın, tarixi bir məkanın liderinin çıxışı idi. Prezident İlham Əliyevin heç kimlə müqayisə olunmayacaq dərəcədə Şimali Qafqaz arialı daxil, bəlkə hətta Rusiya-Ukrayna savaşı üçün də tam vasitəçilik missiyasına mənəvi cəhətdən haqq edən bir nüfuzu var.
Həmin coğrafiyada məskunlaşan xalqlar İlham Əliyevə ümidlə yanaşırlar. Tarixdə ilk dəfəydi ki, Rusiya erməniləri Amerika və Fransa ermənilərindən parçalandı, onlar arasında ciddi antoqonist mövqelər mövcuddur. Hətta Rusiya ermənilərinin bir hissəsi Azərbaycanın mövqeyini müdafiə etdi. Bu da bir liderin real gücüdür. Ona görə də Fransanın regiona silah gətirməsi Afrikadakı məlum savaşları, kolonialist siyasəti bölgəyə daşımaq niyyətidir. Ermənistan axı Fransaya lazım deyil, onlar yalnız regionda Türkiyənin maraqları qarşısında sədd çəkməyə çalışırlar. İrana qarşı ciddi plastarm əldə etməyi düşünürlər. Rusiya əleyhinə ikinci cəbhə yaratmağı planlaşdırırlar. Çalışırlar ki, Azərbaycanı hansısa formada mövqeyindən çəkindirsinlər. Belə bir çox kombinasiyalı strategiya qurulub”.
Vəli Həsənov,
KONKRET.az