Fransa prezidenti Emmanuel Makron yenidən Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları apardı. Və Dağlıq Qarabağ münaqişəsinin “uzunmüddətli siyasi həlli üçün yollar axtarmaqda” qətiyyətli olduğunu ifadə etdi. Üstəlik, Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasında imzalanmış 10 noyabr tarixli sülh bəyannaməsini sadəcə “atəşkəs razılaşması” adlandırdı.
Qeyd edək ki, telefon söhbəti Fransadan Ermənistana beşinci humanitar yardım partiyasının gəlməsi fonunda baş verdi. Makron Ermənistanın iqtisadi inkişafını təşviq etməklə birlikdə İrəvana kömək etməyə davam edəcəyinə söz verdi.
Parisin hazırkı fəaliyyəti, Yelisey Sarayının İkinci Qarabağ müharibəsi dövründə Qərbin siyasi və diplomatik uğursuzluğundan sonra Cənubi Qafqaza qayıtmaq üçün yeni bir taktika – Ermənistana təsirini artırma təşəbbüsü kimi dəyərləndirilir. Çünki həm neytral vasitəçi rolundan imtina edildiyi, həm də münaqişənin onun iştirakı olmadan həll edildiyi üçün Dağlıq Qarabağ nizamlanmasında Fransaya artıq yer qalmayıb.
Bununla belə, Fransanın hələ də bölgədə olmaq arzusu var. Və Paris bu istəyini Ermənistan vasitəsi ilə həyata keçirməyə çalışır. Bu isə Ermənistanı Rusiya və Qərb maraqları arasında yeni bir qarşıdurmanın episentrinə çevirir. Unutmamalıyıq ki, Fransa NATO-nun fəal üzvüdür. Parisin Yerevandakı təsiri həm də İttifaqın təsirini artırır. Bu isə Rusiyanın əsas müttəfiq kimi Ermənistanın mövqeyini sarsıdır. Ermənistana humanitar yardım göndərmək əslində məhv edilmiş respublikanı Qərbə doğru çəkmək üçün bir vasitədir. Üstəlik, işğal siyasətinin məhv etdiyi Ermənistan iqtisadiyyatına investisiya vədi quru sözdən başqa bir şey deyil.
Bu məsələdə Parisin məqsədi yalnız Fransadakı erməni diasporasını məmnun etmək və növbəti seçkilərdə onların səslərini almaq istəyi ilə deyil, həm də Yelisey Sarayının Avropadakı antitürk və anti-Rusiya kursuna liderlik etməkdir. Bu səbəbdən Makron çökmüş Ermənistana (o, bir-iki il əvvəl respublikaya sərmayə qoymuş ola bilərdi) kömək etmək üçün o qədər çox çalışmır. Sadəcə Cənubi Qafqazda sülhün sabitləşməsini çətinləşdirmək və bununla da Rusiya və Türkiyə üçün problemlər yaratmaq üçün erməni ultrasiyasətçilərindən istifadə etmək istəyir.
Bu baxımdan Fransanın Ermənistana təsirinin konstruktiv olmayacağını gözləmək lazımdır. Amma Fransa dayanmayacaq. Paris agentləri vasitəsi ilə Ermənistan vətəndaşlarının Azərbaycan və Türkiyə xalqları ilə barışıq yolu tapmasının qarşısını almağa çalışacaqlar. Parisin Cənubi Qafqazdakı belə bir siyasəti hakimiyyət orqanlarına və adi vətəndaşlara hansı hədiyyələr verəcəyindən asılı olmayaraq, Ermənistanın özü üçün sərfəlidir. Çünki bu siyasət Ermənistan-Azərbaycan münasibətlərindəki münaqişə risklərini qoruyur və artırır.
Baxmayaraq ki, Ermənistan üçün həqiqi çıxış yolu qisasçılığın, millətçiliyin 100% rədd edilməsi və ümumiyyətlə, qonşuları ilə sülh şəraitində yaşamaq istəyi olacaqdır. Cənubi Qafqaz ölkələri arasında yalnız tamhüquqlu sülh, sabitlik və iqtisadi əməkdaşlıq onların milli maraqlarına uyğundur. Qalan hər şey Fransa daxil olmaqla xarici oyunçuların maraqlarına işləyir. Və bu həm də Cənubi Qafqazın həyatında birbaşa iştirak edən Rusiya və Türkiyə ilə rəqabətdən başqa bir şey deyildir.
Xatırladaq ki, NATO-nun əsas məqsədi hələ də Qərbdən idarə olunan Kreml siyasətçilərini hakimiyyətə gətirmək və Rusiya qaynaqlarını ələ keçirməklə Rusiya üzərində bir geopolitik qələbədir. Bu hədəf əsas vəzifədir.
“Vestnik Kavkaza”, 7 yanvar 2021.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az