Fransa yaxın illərdə müdafiə sahəsində radikal addım atmağa hazırlaşır. Rəsmi Paris 2027-ci ilə qədər ön cəbhədə robot əsgərlərin yerləşdirilməsini planlaşdırır. Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
KONKRET.az xəbər verir ki, son illərdə süni intellekt və texnologiya sahəsində baş verən sürətli inkişaf bir çox ölkələri robot əsgərlər üzərində işləməyə təşviq edib. ABŞ və Çin artıq bu sahədə genişmiqyaslı proqramlara start verib. Fransa da bu ölkələrə qoşularaq robot texnologiyalarını hərbi sahəyə inteqrasiya etmək üçün ciddi addımlar atır.
Fransanın yeni müdafiə strategiyası çərçivəsində hazırlanan bu robot sistemlər müxtəlif döyüş funksiyalarını yerinə yetirmək qabiliyyətinə malik olacaq. Rəsmilər bildirirlər ki, robot əsgərlər insan itkilərini minimuma endirmək və döyüş effektivliyini artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, bu cür texnologiyaların istifadəsi beynəlxalq müstəvidə etik və hüquqi mübahisələrə də səbəb olur. Lakin Fransa rəhbərliyi bildirir ki, bütün inkişaflar beynəlxalq hüquq çərçivəsində həyata keçiriləcək.
Süni intellektlə idarə olunan robot texnologiyalarının döyüş meydanlarında necə tətbiq ediləcəyi və hansı nəticələr doğuracağı yaxın illərdə daha aydın şəkildə müşahidə olunacaq.
Aynurə İsmayıl
KONKRET.az