2014-cü ildə hazırladığım şərhlərdən birini Abbas Səhhətin bu şeiri ilə başlamışdım:
“Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə”.
KONKRET.az olaraq məlumat verək ki, burada söhbət Taylanddakı hərbi çevrilişdən (2014), bu ölkəni təsir dairəsində saxlamaq üçün Rusiya və ABŞ mübarizəsindən, sonunda isə tülkünün, yəni Fransanın Taylandda hakimiyyətə öz adamını gətirməsindən gedir.
Tülkü yenə iş başındadır
Bu şeiri Ermənistandakı vəziyyətə də aid etmək olar. Təsəvvür edin ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır. Paşinyan Sorosun dəstəyi ilə çevriliş nəticəsində hakimiyyətə gəlib. Bayden Prezident seçilən kimi çıxışında qondarma erməni “soyqırımı” ifadəsinə bu uydurmanı tanıyırmış formasında yer verdi.
Ermənistan adlı hibrid dövləti Rusiya yaradıb. Bolşevik Kremli Azərbaycan torpaqları olan Göyçə və Zəngəzuru heç bir əsas olmadan Ermənistanın tərkibinə qatdı. Sonrakı SSRİ birinci katiblərinin dövründə azərbaycanlıların İrəvandan deportasiyası, ermənilərin Qarabağa köçürülməsi həyata keçirildi. Sovet İttifaqının son rəhbəri “Qorbatı”çovun zamanında keçmiş Qarabağ münaqişəsi qəsdən başladıldı. Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsin Qarabağı ermənilər üçün işğal etdi, azərbaycanlılara qarşı qətliamlar törədildi. Ölkənin Metsamor AES-i, dəmiryol xətləri, sərhəd mühafizəsi Rusiyanın əlindədir. Vladimir Putin erməni təəssübkeşliyi ilə seçilən ruslardandır. Onun ermənilər kimi mənşəyi tam bilinməyən XİN rəhbərinin mövqeyi dünəndən bəllidir.
Bir sözlə ayı ilə şir Ermənistanı bölüşdürə bilmədiklərinə görə tülküyə yem etmək üzrədilər. Və bu tülkü yenə də Fransadır.
Tülkü çaqqallıq edir
Nikol Paşinyan-Emanuel Makron qucaqlaşmaları eynicinslilərin nikah icazəsinə sevinməyinə bənzəyir. Şarl Mişel də Nikol hökumətinə həssasdır. Hazırda Avropanın əsas təsisatlarında dominantlıq Parisin Eyfelindədir. Paris isə Pyuniklik – xalis ermənilik edir. Deyəsən, tülkü “şuba” materialı olma təhdidinə görə heç kimə lazım olmayan çaqqal qılığına girməkdədir. Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul etməsi də bununla bağlıdır.
• Qətnamə layihəsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub.
Əvvəla Azərbaycan öz ərazisindədir. Laçın dəhlizi də Azərbaycana aiddir. Fransızların başı qaçıb. Deyəsən, Prezident İlham Əliyevin Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi Makron hökumətini bərk incidib. Elə ziyarət zamanı Azərbaycan liderinin bu sözləri fransızların zəriflik maskasını ayaqlar altına atıb:
“Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur”.
Bəli, Fransanın Əlcəzair siyasət ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda törətdikləri bir-birinə bənzəyir. Paris və İrəvan xislət əkizləridir deyə fransızlar ermənipərəst siyasət yürüdürlər.
• Bədnam qətnamədəki təkliflər arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması da yer alır.
Ondan başlayaq ki, bu adda ərazi vahidi yoxdur. Belə bir müstəqilliyə inanmaqdansa, fransızlar mifoloji Atlandida eşqinə düşsələr, yaxşıdır. Erməni separatçılığına dəstək verib, Azərbaycan torpaqlarında ikinci hay dövləti qurmaq istəyənlərə:
✓ ABŞ – Kaliforniyada yaşayan çoxsaylı ermənilərə muxtariyyət verin;
✓ Fransa – Marseldə yaşayan çoxsaylı ermənilərə muxtariyyət verin;
✓ Rusiya – Hayların ikinci paytaxt adlandırdığı Soçidə ermənilərə muxtariyyət verin;
Qeyd edək ki, Fransa senatı “qətnamə” qələtini himayədarlıq etdiyi molla rejiminin Azərbaycana qarşı əlini gücləndirmək niyyətilə də edə bilər. Əsas odur ki, “qətnamə” hüquqi sənəd deyil. Fransa hökumətinin bunu qəbul edəcəyi inandırıcı görünmür. Amma Makrondan nə desən çıxar. Bəlkə onu soydaşı Şarl Mişel ağıllandırdı. Çünki “qətnamə” Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi sülhün təmin edilməsi və qorunması öhdəliyinə sadiq qalmadığının göstəricisidir. Bundan başqa, Avropa İttifaqı Şurasının qərarlarında da ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla beynəlxalq nizama əsaslanan qaydalar təsbit olunub.
Qeyd: Böyük Britaniya və ABŞ-ın Avropa planı ssenari üzrə gedir. Hazırda Fransanın ağçaqqallıq etdiyi köhnə qitə böhranın astanasındadır. Avropa İttifaqı vaxtında ayılsa, Azərbaycandan keçən enerji təhlükəsizliyini təhlükəyə atan Fransanın mandatını əlindən alar. SSRİ də Qarabağda ermənipərəstlik siyasətinə keçidlə dağıldı. Prezident İlham Əliyev demişkən, Qarabağ Azərbaycandır və!
Anar Rəhimov,
KONKRET.az