Fransanın Ermənistana verdiyi silahların SİYAHISIbackend

Fransanın Ermənistana verdiyi silahların SİYAHISI

Ermənistan Fransa ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, Fransa Ermənistanı bəzi silahlarla təchiz edəcək.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd Ermənistanın Fransanın silah bazarına üz tutmasını 44 günlük müharibədən sonra Rusiya istehsalı olan silahlardan imtina etməsilə əlaqələndirib: “Ermənistan əvvəlcə Hindistan bazarına üz tutdu. Hindistandan toplar, tank əleyhinə vasitələr, qrad qurğuları almaqla bağlı müqavilə imzaladı. O silahların bir qismi artıq Ermənistana gəlib. Rusiya ilə Ermənistan arasında siyasi gərginlik fonunda Fransanın regiona daxil olmaq cəhdini və bunu Ermənistan üzərindən etdiyini görürük. Ötən ilin sentyabr ayındakı sərhəd toqquşmasından sonra Avropa missiyası Ermənistana ayaq açdı. Fransa jandarmeriyası da nümayəndə heyətinin tərkibində idi.

Ermənistanla Rusiya arasında Roma statutu qalmaqalından sonra isə Fransa – Ermənistan əməkdaşlığı növbəti mərhələyə qədəm qoydu. Artıq tərəflər arasında ilkin razılığa görə, Ermənistan Fransadan hava hücumundan müdafiə və radar sistemi, müasir durbinlər almaq niyyətindədir. Fransa istehsalı olan hava hücumundan müdafiə sistemləri müasir və effektivdir. Yeri gəlmişkən, Fransa silah sənayesi bir neçə cür hava hücumundan müdafiə sistemləri istehsal edir. Onlardan ən müasirləri isə qısamənzillidir. Hesab edirəm ki, Ermənistan tərəfi məhz qısamənzilli hava hücumundan müdafiə sistemləri alacaq.

Sözügedən digər texnika GM-200 radar sistemidir. Ermənistanın Fransadan alacağı GM-200 radar sistemi 250 km diapazonda və 24.000 metr hündürlükdə hava məkanını qorumağa qadirdir. Radar sistemi, həmçinin, raket, PUA və minaatan mərmilərinin də uçuşlarını qeydə alır. Ermənistan Fransadan müasir durbin sistemləri almaq istəyir. Bu binokllar həm müşahidə, həm də videoqeydiyyat funksiyalarına malikdir. Binokllar gecə əməliyyatları üçün də əlverişlidir. Onun vasitəsilə ərazidə olan kəşfiyyat, mühüm obyektlərin koordinatını artilleriya bölmələrinə və idarəetmə mərkəzinə ötürə bilir”.

Ekspert bildirir ki, Ermənistan daha çox müharibədə itirdiklərinin yerini doldurmaqla məşğuldur:  “Fransa və Hindistandan alınan və yaxud alınacaq silahlar Ermənistan ordusunun gücünə güc qatacaq, ancaq Azərbaycanla müqayisə etsək, qüvvələr nisbətini dəyişməyəcək. Azərbaycanın hazırda arsenalında olan, almaqda davam etdiyi silahlar, bundan əlavə insan resursu və iqtisadi potensialı qüvvələr nisbətini dəyişməyə imkan verməyəcək”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*