Fransa keçmiş Suriya prezidenti Bəşər Əsəd və altı yüksək vəzifəli sabiq məmurun həbsinə order verib. Bəs, Fransanın verdiyi həbs orderi Suriyanın gələcəyini dəyişə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Həşim Səhrablı bildirib ki, bu qərar Suriyanın gələcəyinə ciddi təsir göstərməyəcək.
Onun sözlərinə görə, Fransanın dünya siyasətindəki rolu ötən illərlə müqayisədə xeyli zəifləyib:
“Əgər 20-30 il əvvəl Fransanın müəyyən təsir imkanları var idisə, indi bu gücünü böyük ölçüdə itirib. Parisin qəbul etdiyi beynəlxalq qərarlar kağız üzərində qalmaqdan o tərəfə keçmir. Biz bunu həm Afrikada, həm də Qarabağ münaqişəsində gördük. Fransanın pozucu addımları heç bir nəticə vermədi.”
Səhrablı əlavə edib ki, Bəşər Əsədlə bağlı həbs orderi formal xarakter daşıyır:
“Hansı fransız polisi, yaxud Interpol Rusiyadan Bəşər Əsədi tutub apara bilər? Bu, real deyil. Çünki artıq dünya əvvəlki kimi təkqütblü sistem üzərində qurulmur”.
Politoloq hesab edir ki, Suriyanın gələcəyini məhz ölkə daxilində güc sahibi olan qüvvələr müəyyənləşdirəcək:
“Yeni iqtidarı kim formalaşdırırsa, gələcəyi də onlar inşa edəcəklər. Fransa və digər ölkələrin qərarlarının bu məsələdə əhəmiyyəti yoxdur. Suriyanın gələcəyi artıq dəyişib.”
Aynurə İsmayıl
KONKRET.az