Fransız deputatların Laçın dəhlizində nə ölümü var, Makron?!backend

Fransız deputatların Laçın dəhlizində nə ölümü var, Makron?!

Fransa ilə Türkiyə arasında yenə də soyuq küləklər əsir. Paris Ankaradakı fövqəladə və səlahiyyətli səfir Herve Magronu məsləhətləşmək adı ilə geri çağırıb. Səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransız həmkarı Emmanuel Makron haqqında dedikləridir.

Türkiyə lideri Fransa prezidentinin İslam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib və psixoloji probleminə görə, müalicəyə ehtiyacı olduğunu bildirib.

Statistikaya görə, 70 milyonluq Fransanın təxminən 7,5 milyon nəfərini müsəlman əhali təşkil edir, təqribən 8,9 faiz! Amma özünü “demokrat”, “tolerant” adlandıran bu ölkədə İslam Peyğəmbərinin təhqir olunması az qala adi hala çevrilib. İnsanların heysiyyətinə toxunan, inancını təhqir edənləri necə himayə etmək olar, bu, psixoloji pozğunluğun əlaməti deyilmi?

Əslində Fransadakı anti-Türkiyə ovqatı yeni deyil. Guya Şirak, ya Sarkozinin zamanında indikindən yaxşı idimi? 2012-ci ildə Fransa parlamentinin “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasını nəzərdə tutan qanunu qəbul etməsi də Ankara və Paris arasında böyük bir gərginliyə səbəb olmuşdu. Sonradan Konstitusiya Məhkəməsi qərarı ləğv etsə də, Fransa hakimiyyətində anti-türk mövqeyi aradan qalxmayıb. Düzdür, bir çox hallarda bunu Fransadakı 600 minlik erməni icmasının seçkilərə təsiri ilə izah edirlər.

Necə olur yarım milyon erməni amili nəzərə alınır, amma on dəfə çox müsəlman əhalinin heysiyyəti ilə oynayırlar? Məgər onların səsi səs deyil?!

Heç şübhəsiz, burada ermənilərə sıx bağlılıq, Türkiyəyə dərin nifrət amili var. Rəcəb Tayyib Ərdoğan deyib ki, hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var. Haqlı deyilmi? İndi-indi məlum olur ki, Qarabağdakı terror yuvalarının, betondan tikilmiş yeraltı tunellərin “memarı” fransızlardır. Fransa dövləti həmsədrlik prinsipi ilə uyğun gəlməyən fəaliyyətlə məşğul olub. Bu 30 ildə gah fransız deputatların, gah şirkətlərin, gah turistlərin səsini Qarabağdan eşitdik, gah da Qarabağdakı erməni terrorçularının başçıları Fransada peyda oldular. Qarabağa qeyri-qanuni səfər edən əcnəbi vətəndaşlara Fransa daxil, həmsədr ölkələrin nümayəndələri liderlik edirdilər.

Son illərdə Fransa şəhərləri ilə işğal altındakı Azərbaycan şəhərləri arasında “qardaşlıq sazişləri” imzalanırdı. Yalnız rəsmi Bakının sərt etirazından sonra Fransa məhkəmələri terrorçularla “saziş”lərin ləğvinə qərar verdi. Amma terrorçu rejimlə əməkdaşlıq edənlər, Azərbaycanın ərazilərinə qanunsuz soxulanlar cəzalandırıldımı? Təbii ki, yox.

Cənab Ərdoğan demişkən, Əlcəzirdə, Ruandada minlərlə insanı öldürənlər bu gün öz ərazilərini terrorçulardan, narkotik və silah qaçaqmalçılarından təmizləyən Azərbaycanı ittiham edir. 27 sentyabrdan indiyədək 64 dinc sakinimizi – 8 uşağı – qətlə yetirib terrorçu Ermənistan dövləti, amma Fransanın bir qrup deputatı Gəncəyə yox, İrəvana gedib. Ermənilərin əlindən su içənlərin fotolarını gördüm, saxta “erməni soyqırımı” abidəsinin qarşısında düzülmüşdülər, əllərində güllər, gözlərində kədər. Olmayanı yad edənlər gözlərinin qabağında qətlə yetirilən azərbaycanlı uşaqların faciəsinə kor olurlar, budur Makronun siyasəti!

Türkiyə Prezidentinin fransız həmkarına xitabən dediyi bu sözləri də yerindədir: “Tarixdən bilgin yoxdur, türk millətiylə məşğul olma!” Yaxşı məsləhətdir. Makronun tarixdən xəbəri yoxdursa da, heç olmasa 1920-ci ilin yanvarında Paris Sülh Konfransında rəsmən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini açıb, qarşısına qoysun. Görsün ki, o zaman bizim dövlətimizin sərhədləri daxilində nəinki Qarabağ, hətta Zəngəzur da olub, dövlətimizin ümumi ərazisi 113,9 min kv. km idi. Heç olmasa, 1992-ci ilin martında Azərbaycanın BMT üzvlüyünə 86,6 min kv. km-lik ərazi ilə qəbul olunduğu haqda tarixi sənədlərlə tanış olsun. Bəlkə o zaman vicdanı oyandı… Amma çətin, terrorçu ölkəyə “bacı” deyəndən nə gözləyəsən?

Görün Qarabağın taleyini on illər ərzində kimlərə həvalə etmişik. Sitat: “Fransa Türkiyənin Dağlıq Qarabağın Azərbaycan tərəfindən alınacağı barədə son saatlarda səsləndirdiyi hərbi çağırışlardan narahatdır. Biz buna imkan verməyəcəyik. Sözüm Ermənistana və ermənilərədir”. Açıq şəkildə terroru, terrorçunu, işğalı dəstəkləyir. Beləsinin vasitəçilik etdiyi danışıqlar masası yerli-dibli olmaz olsun!

17 oktyabrda humanitar atəşkəslə bağlı razılaşma təklifi məhz Parisin vasitəçiliyi ilə qəbul olunmuşdu. Amma Prezident İlham Əliyevin dediyi kimi, razılaşma qüvvəyə mindikdən iki dəqiqə sonra Ermənistan tərəfdən pozuldu. Məntiqlə Makron ona həqarət edən tərəfi cəzalandırmalıydı. Amma əvəzində Türkiyə ilə uğraşır, Azərbaycanı haqsız çıxartmağa çalışır, hər vəcdlə terrorçu dövləti xilas etmək istəyir, “humanitar yük” adı altında İrəvana silah-sursat göndərir Əlcəzirdə, Ruandada minlərlə insanı qətl edənlərin sələfi…

Elə fransız deputatların Ermənistana səfəri də bu narahatlıqdan irəli gəlir. Ermənilərə ikinci dövlət yaratma projesi iflasa uğrayıb. Necə olur 100 min Qarabağ ermənisinə “dövlət” yaratmaq istəyirsiniz, amma 600 minlik Fransa ermənisinə yox? Buyurun, yaradın öz ölkənizdə, olsun ikinci “bacınız”.

Erməni mətbuatı yazıb ki, İrəvandakı fransız deputatlar Xankəndinə də gedəcəklər. Sual olunur, kimdən icazə alıblar? Bu məkanın tək sahibi var: Azərbaycan, o da belə səfərlərə “yox” deyir! Bu gün bölgədə gərgin döyüşlər gedir. Fransız deputatlar Laçın dəhlizində Azərbaycan ordusunun hədəfinə tuş gəlsə, buna görə kim cavab verəcək?! Ümumiyyətlə, fransız deputatların Laçın dəhlizində nə ölümü var, cənab Makron?!

Elşad PAŞASOY

  • PAŞİNYANA LƏNƏT OLSUN
    Oktyabr 25, 2020 - 19:21

    Ermeniperest muselman duwmeni werefsiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*