Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Sevindiricidir ki, KONKRET.az informasiya portalı da qaliblər sırasındadır. Bu isə kollektivimizə verilən qiymətdir və KONKRET.az ailəsi olaraq əməyimizə verilən qiyməti yüksək dəyərləndiririk.
Onlayn media subyektlərinin inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi naminə stimullaşdırıcı addım olan bu müsabiqədə 39 media subyekti qalib elan edilib.
Qaliblər elan edildikdən sonra müsabiqədə uğur qazana bilməyən media subyektlərinin nümayəndələri müxtəlif iradlar səsləndiriblər. Halal haqqını alan media subyektlərinin ünvanına sosial şəbəkələrdə qərəzli fikirlər ifadə olunub. Sərgilənən yanaşma peşəkarlıqdan nə qədər uzaq olsa da, qaliblərin ünvanına səslənən ittihamlar bir o qədər qərəzlidir. Müsabiqədə iştirak edib qalib gələ bilməyənlər özlərinin fəaliyyətinə bir qədər tənqidi yanaşıb müəyyən çatışmazlıqlara diqqət yetirməlidirlər.
Saytların ünvanına tənqid yağdırıb qaliblərin işini təftiş etmək isə onların vəzifəsi deyil. Müsabiqədə iştirak edib qalib gələn sayt rəhbərləri də bizimlə həmrəydilər.
Pravda.az saytının baş redaktoru İlkin Pirəli bildirir ki, onların qazandıqları uğur təsadüf sayıla bilməz:
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri, şübhəsiz ki, obyektivdir. Bu, müsabiqədir, bəlli say üzrə aparılır. Ona görə də biri yer alar, digər almaz. Bu, o demək deyil ki, MEDİA subyektiv yanaşma ortaya qoyub. Bunu bir neçə dəfə qeyd etmişəm, məsələn, biz ilk müsabiqədə iştirak etməmişdik, sadəcə, prosesə baxdıq, elə o zaman da nəticələrin obyektiv olduğunu dilə gətirdik. Sonuncu müsabiqənin nəticələrinə baxdıqda görərsiniz ki, siyahıda yeni saytlar da var. Əminəm ki, onların ictimai rəyə təsiri güclüdür. Dövlət saytların güclü olmasında maraqlıdır, ona görə də hansı ciddi nəticə ortaya qoyursa, ona da dəstək verilir. Obyektiv nəticə sərgilədiyinə görə Medianın İnkişafı Agentliyinə təşəkkürümü bildirirəm. Qalib olan saytları təbrik edirəm, inanıram ki, növbəti 6 ay müddətində daha da güclənəcəklər, etimadı doğrultmaqda davam edəcəklər”.
Az vaxt ərzində fəaliyyət göstərməsinə baxmayaraq qaliblər arasında Globalinfo.az saytının da adına rast gəldik.
Baş redaktor Azər Ayxan bildirir ki, bu səkkiz ayda Azərbaycan media mühitində ortaya fərqli iş qoya biliblər:
“Bunu hər kəs təqdir edir və fərq edir, görür. Buna görə də Medianın İnkişafı Agentliyinin müsabiqəsində Globalinfo.az-ın qaliblər siyahısında yer tutması bizim üçün əlavə stimul oldu.
MEDİA-nın nəticələri elan olunduqdan sonra sosial şəbəkələrdə bəzi şərhlərə rast gəldim. Deyilir ki, guya burda qeyri-obyektiv yanaşma olub, ədalətsizlik edilib. Ya da tapşırıq, xahiş olub. Bunu o sayt rəhbərləri deyir ki, günlük İP-ləri 300-500-dən o tərəfə keçmir. İşləsələr, əziyyət çəksələr, nəticə olar. Necə ki, işləyən, ortaya nəticə qoyan saytlar var və onlar müsabiqədə qalib gəldilər. Tam məsuliyyətimlə deyirəm, sənədləri hazırlayıb, elektron qaydada göndərdik, heç kimə xahişdə bulunmadıq. Mən bunu tam açıqlığı ilə deyirəm. Niyə xahiş etməliyik? Xahiş eləmək o deməkdir ki, biz zəif saytıq və zəifləyimizə rəğmən kimdənsə kömək istəyirik. Globalinfo.az-ın timsalında mən bu prosesin şəffaf və ədalətli olduğuna inanıram. O da bilindi ki, işləyən, zəhmət çəkən, gecəsini gündüzünə qatan saytlara bu müsabiqədə yer almaq problemi yaradılmır.
Hər halda Globalinfo.az bütün media ictimaiyyətinə bəllidir. Necə bir sayt olduğu hər kəs tərəfindən, hətta ən qərəzli və ədalətsiz yanaşma sərgiləyən şəxslər tərəfindən də barəmizdə artıq-əskik danışan, yazan görmədim, eşitmədim. Görülən iş göz qabağındadır.
Medianın İnkişafı Agentliyinin Azərbaycan mediasına ən böyük xidmətlərindən biri də Metrix.az resursunun fəaliyyətə başlamasıdır. Bu resurs sayəsində kimin nəyə qadir olduğu hər kəs tərəfindən bilinir. Hətta kim saxta üsullarla önə çıxdıqda, bu da süni intellekt tərəfindən müəyyən edilir. Bu cür saxtakarlıqların qarşısını almaq mümkündür. Ona görə də indi heç kim sinəsinə döyüb “mən güclü saytam” deyə bilmir. Saxtakarlığın qarşısı hər tərəfdən alınır, sağlam medianın inkişafı üçün lazımlı addımlar atılır. MEDİA-a olan hücumların bir səbəbi də bununla bağlıdır.
Müsabiqədə qalib gələn hər kəsə uğurlar arzulayıram, hər kəsi təbrik edirəm. Müsabiqədə qalib gəlməmək həyatın sonu demək deyil. Mediadan küsməyə, dostlardan, həmkarlardan inciməyə, Medianın İnkişafı Agentliyinə kin bəsləməyə, onu yamanlamağa, yersiz tənqid eləməyə ehtiyac yoxdur.
Bu dəfə olmayıb, gələn dəfə daha ciddi şəkildə, daha əzmlə işləyib, çalışıb qalib gəlmək olar”.
Vəli Həsənov,
KONKRET.az