Gəl, gəl a yaz günləri…backend

Gəl, gəl a yaz günləri...

Son günlər havanın temperaturu yenidən aşağı düşüb. Belə demək olarsa, yaz fəslinin ortasında günəşli yaz günlərinə həsrət qalmışıq. Günlərdir güclü külək davam edir və bəzi rayonlara hətta qar yağıb. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, qeyri-sabit, yağıntılı hava şəraiti  mayın birinci ongünlüyünün sonunadək davam edəcək.

May ayında temperaturun belə aşağı olmasının səbəbini araşdırdıq.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını ekoloq İslam Mustafayev cavablandırıb. O bildirib ki, qlobal iqlim dəyişikliyi artıq bütün dünyada öz təsirini göstərir:

“Şimal qütblərində bəzən istiləşmə cənub qütblərinə nisbətən daha tez olur. İllərdir qar yağmayan ərazilərə qar yağır. Bütün bunlar iqlim dəyişikliyinin nəticəsidir. Belə hallarda temperatur fərqi çox olan ərazilərdə küləklərin olması təbiidir”.

Ekoloqun fikrincə, yaz fəslində belə anomal hava şəraiti xarakterik deyil.

“Belə havanın ətraf mühitə, aqrar sektora mənfi təsiri qaçılmazdır. Günlərlə davam edən külək hava mühitinin korlanmasına səbəb olur. Xüsusilə ağacların çiçəklədiyi dövrdə müşahidə edilən güclü külək onların çiçəyini tökür. Külək və şaxta məhsuldarlığın zəifləməsinə səbəb olur”, – deyə ekoloq vurğulayıb.

Şəbnəm Mehdizadə,

KONKRET.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*