Gənc kəşfiyyatçını necə sınaqdan keçiriblər? – Cazibədar qadın, yaraşıqlı dost… – Memuardan parçalarbackend

Gənc kəşfiyyatçını necə sınaqdan keçiriblər? – Cazibədar qadın, yaraşıqlı dost... – Memuardan parçalar

Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. KONKRET.az kitabın maraqlı hissələrini oxucularına təqdim edir:

***

Moskvadan Şərqi Almaniyaya getməzdən öncə mən DTK-nın C idarəsindəki əlaqəçimdən bir neçə sadə tapşırıq aldım. İlk iş olaraq mənə qardaşımla əlaqə yaratmaq tapşırığı verildi. O, Leypsiqdə yaşayırdı, ancaq o, ADR-də olduğum ilk həftədəcə mənimlə görüşmək üçün özü gəldi. Bu görüş mənim üçün gözlənilməz və xoşagəlməz nəticələr doğursa da, biz görüşməyimizə şad olduq. Vasilko əla ovqatdaydı və gəlişimi qeyd etmək üçün məni Şərqi Berlinin gecə barlarına apardı, alman likörlərinə qonaq etdi. Nəticədə mən Karlshorsta gecəyarısı qayıtdım. Bu saata qədər rəhbərimiz artıq mənim təhlükəsizliyimə görə narahat olmuşdu. O, spirtli içki iyini hiss edərək acıqlı halda harada olduğumla maraqlandı. Mən artıq DTK-nın əsas prinsipini – heç vaxt heç kimi gerçəkdə nə işlə məşğul olduğunu demə – mənimsəmişdim, ona dedim ki, kinodaydım.

DTK-nın ikinci tapşırığı mənə asan başa gəlmədi. Mənə bir qadın adı dedilər və bildirdilər ki, onunla ünsiyyəti bərpa etmək arzu olunur. Onu tapmaq və DTK ilə əvvəlki kimi əməkdaşlıq etməyə hazır olub-olmadığını aydınlaşdırmaq lazım idi. Əvvəlcə bu mənə çox çətin göründü. Özümü toplayaraq qadının ünvanını hər hansı bir bəhanə ilə almaq üçün polis məntəqəsinə getdim. Sonra çiçək aldım və öncədən telefon zəngi etmədən qadının evinə yollandım. Möhkəm həyəcanlanaraq, qapını döydüm. Qapını qırx yaşlarında bir cazibədar qadın açdı. Mən ona uydurma hekayət danışdım, dedim ki, Moskvada yaşayan dostum ona bildirib. Qadın o qədər də təəccüblənmədən məni içəri dəvət etdi. Mənə elə gəldi ki, bizim söhbətimiz alındı: o, müharibə zamanı bir müddət Sovet İttifaqında yaşamışdı və o illər haqqında isti sözlər dedi, arada kədərli halda hazırda insanların otuzuncu, qırxıncı illərdə olduğu kimi idealist olmadıqlarını qeyd etdi. Mən ondan kontaktı bərpa etməyi istəyib-istəmədiyini soruşdum, o, ehtiyatla mənə eyham etdi ki, etiraz etmir.

Uğur qazandığımı düşünərək, əhatəli hesabat hazırladım. Sonradan dərk etdim ki, görünür, hər şey qurama imiş: qadın fəaliyyətdə olan agentdir və heç də onu yox, mənim özümü yoxlayırmışlar. DTK müəyyən etmək istəyib ki, mən özümü kifayət qədər dürüst təqdim edə bilirəmmi, tanış olmayan şəxslərlə ünsiyyətə asan girirəmmi, məni maraqlandıran məsələləri aydınlaşdırmağı bacarırammı. Əgər onlar gerçəkdən də faydalı ünsiyyəti bərpa etmək istəsəydilər, o zaman bu məqsədlə iyirmi yaşlı sadəlövh oğlanı göndərməzdilər. Ancaq yenə də məni DTK-ya işə götürəcəkləri təqdirdə yerinə yetirməli olduğum işin dadını hiss etmək maraqlıydı.

Berlində yaşadıqca həyat təcrübəmiz də artırdı. Biz artıq bilirdik ki, DTK nədir, başa düşürdük ki, nəyə sarkastik təbəssümlə, nəyə isə ciddi yanaşmaq lazımdır. Həyatın boz-bulanıqlığına baxmayaraq, biz onda xoş məqamlar tapmağı bacarırdıq. Onlardan biri də Siyasi Büronun üç nömrəli fiquru Anastas Mikoyanın rəsmi səfəri oldu. Məni iki sovet kinooperatoruna tərcüməçi təyin etdilər. Onlar yüksək vəzifəli qonağın bu ölkəyə səfərini lentə alırdılar. Mən qrupa qoşuldum və biz ADR üzrə böyük səyahətə çıxdıq. Operada olduq (“Fidelio”nu dinlədik), ən yaxşı restoranlarda nahar etdik. Kinooperatorlar üçün səfərin kulminasiyası sovet hərbi bazasına dəvət oldu.

Bizi yeməkxanaya dəvət edəndə əhvalımız yaxşılaşdı. Möhtəşəm masa açılmışdı: qırmızı kürü, əla şorba, çoxlu soyuq ət delikatesləri – hər şey rus zövqünə uyğun. Qəlyanaltıların və vodkanın təsiri altına düşən kinooperatorlar ruslara xas qabalıq və Avropa həyatının adətlərinə etinasız münasibt nümayiş etdirirək kobud zarafatlar etməyə başladılar.

 

— Bilirsən, biz burada çəkmələrimizi nəylə silirik? — onlardan biri soruşdu. — Əlbəttə ki, pərdəylə! — və əlavə etdi: — Sən yəqin ki, bizim sevimli kəlamımızı da bilirsən. Yalnız meyit əl-üzyuyana siymir.

Dekabrda, təcrübə toplanışımızın sonunda bizi müxtəlif konsulluqlara böldülər. Ölkədə əhəmiyyətinə görə ikinci şəhər olduğu üçün hər kəs Leypsiqə düşmək istəyirdi, ancaq qardaşımın artıq orada olması sayəsində məni oraya göndərdilər. Milad ərəfəsində Leypsiqdə olmağıma görə xoşbəxt idim.

Leypsiqdə gəzərkən, tramvayda söhbətlərə qulaq asarkən, alman xalqına  rəğbət hissi bəsləyirdim. Başa düşürdüm ki, almanlar mövcud quruluşa nifrət edirlər. Sovet vətəndaşı olduğuma görə utanırdım. Utancverici idi ki, biz almanlardan mədəni baxımdan çox geri qaldığımız halda bu xalqı əzmişik. İnqilaba qədərki Rusiyanın öz elitası, kübar ruhu vardı. İndi isə biz Avropaya çata bilməzdik. Biz avropalıları öyrətməyə, onlara necə yaşamağı göstərməyə necə cürət edirdik? Hər halda biz öz müdhiş sistemimizi onlara sırımışdıq.

Səfirliyin mənə ziyarət etmək imkanı verdiyi Erfurtda sovet vətəndaşlarının nadanlığı ilə toqquşdum. Bir dəfə axşamçağı dostumla gəzişirdik və küçəylə gedən rus turistləri gördük. Gözəşarpmaz və köhnə dəbli geyimlərinə görə onların əyalət adamları olduqları bəlliydi.

Biz onlara yaxınlaşmağı vacib saydıq – necə olsa da, həmvətənik! – və şən halda səsləndik: “Salam!”

Onların reaksiyas adekvat olmadı: bir dəqiqə bizə qorxu və dəhşətlə baxdılar, sonra qaçmağa başladılar. Onlar öz partiya rəhbərlərinin axmaq xəbərdarlıqlarıyla o qədər qorxudulmuşdular ki, biz onlara yaxınlaşaraq rusca danışanda bu sadəlövh avamlar dərhal bunun təxribat olduğunu zənn etmişdilər.

Ancaq gizli fəaliyyət, hər halda mövcud idi. Leypsiqdə mən təkcə qardaşımla görüşmədim. Bir dəfə səhər vaxtı kütləni yarıb keçərək əsas dəmiryol vağzalına çatanda birdən daha bir tanış adamla üz-üzə gəldim. Bu Leonid Kozlov idi. O, institutda məndən iki kurs yixarıda oxumuşdu, ictimai işlərlə məşğul idi – bir növ partiya boşboğazı. İnstitutu bitirəndən sonra onu görməmişdim, budur, qarşımda durub, görkəmcə əsl alman bürokratıdır, almanlar kimi geyinib və əlində tipik alman çantası tutub. Mən salamlaşmaq üçün ağzımı açmaq üzrəydim ki, o, məni açıq-aşkar tanıyaraq, tez-tələsik çevrildi və uzaqlaşdı. Onun ardınca baxa-baxa xatırladım ki, o da Vasilko kimi, qeyri-leqal kəşfiyyatçı olmağa hazırlaşırdı (o, istədiyi kimi oldu, ancaq onu ifşa etdilər, nəticədə başqa bir dustaqla dəyişdilər).

Gizli fəaliyyət DTK-nın mənə verdiyi üçüncü tapşırığın yerinə yetirilməsi üçün zəruri oldu. Mən potensial agent olaraq tövsiyə etmək üçün adam tapmalıydım. Bir bariz namizəd vardı – Erik adlı hündürboy, ağbəniz, yaraşıqlı alman. İnstitutda o, bizim yüngül atletika bölməsinin üzvü idi, ancaq deyəsən, ailə durumuna görə ölkəsinə qayıtmalı olmuşdu. Mən onu Leypsiqin cənubundakı gözəl şəhərcikdə tapdım. Erik mənim onunla dost kimi yox, mümkün DTK agenti kimi maraqlandığımdan xəbərsiz olaraq, mənə Miladı onunla və valideynləri ilə birlikdə keçirməyi təklif etdi.

İlk görüşümüzdə Erik mənə öz ailəsi haqqında danışdı. Onun atası müharibədən sonra rusların təqibinə məruz qalıbmış. Ancaq onun heç bir günahı yoxmuş, yalnız və yalnız mühasib olub, orduya çağırıblar və SS-in qoşunlarının maliyyə bölməsinə göndəriblər. Ruslar müharibədən sonra onu Buhenvald düşərgəsinə salıblar və o, orada beş il cəza çəkib. Bir çox dustaqlar ordaca ölüb, Erikin atası isə sağ qalıb, amma düşərgədən zəifləmiş və xəstəhal çıxıb.

Birinci dəfə görüşəndə Erikin atası haqqında mənə danışdığı beləydi, ancaq bir-iki həftədən sonra Erik iki qədəh içki aşıraraq, danışdı ki, həmin “mühasib ata” Berlin civarındakı axırıncı qala olan Frankfurt-Oderin müdafiəsində qəhrəmanlıq edib. Bərəkallah, mühasib! Mən Milad ərəfəsində Erikgilə gələndə qapını mənə tipik SS-çi açdı. Onun kvadrat çənəsi, qısa vurulmuş saçı, qalın sağanaqlı eynəyi vardı, yanında da qoyun iti durmuşdu. Qorxunc görünüşünə baxmayaraq, onun mehriban insan olduğu məlum oldu və biz birlikdə şən Milad bayramı keçirdik.

DTK-da mənim tapdığım namizədə sevinən kimi oldular, ancaq sonralar, Erik Moskvada mənə baş çəkəndə, hələ mənim bu təşkilatla əlaqəli olduğumu bilmədən acı-acı gileyləndi ki, ruslar onunla casus-masus oyunu oynayıblar. Görünür, iş cəlbetmə mərhələsinə qədər gedibmiş, amma o, istəməyib və mənim bu əhvalata aidiyyatımın olduğunu öyrənmədən rusları söyüb qovub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*