Cordano Bruno Kopernikin heliosentrik sistem haqqında təlimlərini dəstəklədiyinə görə tonqalda yandırılıb. Bununla belə, onun haqqındakı tarixi sənədlər daha ziddiyyətli məqamlar ortaya çıxarır.
Hadisə 16-cı əsrdə, Avropada İntibah dövrünə təsadüf edir. Bu təlatümlü dövrlərdə gənc Dominikan keşişi Filippo (sonradan Cordano adını alan) Bruno kilsənin əleyhinə bəzi çıxışlar etməyə başlayır. 1575-ci ildə Neapoldakı Müqəddəs Dominik monastırında yaşayarkən o, qadağan olunmuş kitabları oxumaqda və ikonaları rədd etməkdə günahlandırıldı. Bundan sonra səyyahlığa başlayan Bruno İsveçrə, Fransa, İngiltərə, alman knyazlıqlarını gəzdi. Getdiyi hər yerdə özünə düşmən qazandı. O, Kalvinistlərlə mübahisə edir, Aristoteli tənqid etməklə Sorbon professorlarını qəzəbləndirir və Oksford alimlərini narazı salırdı. Eyni zamanda, filosof özünü “yatmış ruhları oyadan” və “qürurlu cəhalətin təvazökarı” hesab edirdi.
1591-ci ildə Bruno Venesiya aristokratı Covanni Moçeniqonun dəvətini qəbul etməklə ölümcül səhvə yol verdi. Tezliklə ev sahibi, filosofun ifadələrindən ona qarşı istifadə etdi. Beləliklə inkvizisiyaya (Kilsə təliminə qarşı çıxanları mühakimə etmək üçün Roma papasının yaratdığı kilsə məhkəməsi. Bu məhkəmə XII – XIX əsrlərdə fəaliyyət göstərib) üçün xeyli sübutlar toplandı.
Brunonun inkvizisiya məhkəməsi yeddi il davam etdi. Təcrübəli ilahiyyatçılar onu fikirlərindən əl çəkməyə inandırmağa çalışdılar. Lakin hər bir söhbət yalnız yeni “yanlış təsəvvürləri” ortaya qoydu. Bruno inadla öz fikirlərini, o cümlədən şeytanın gələcək xilası ilə bağlı o dövr üçün çox ekzotik fikirləri müdafiə etdi.
Maraqlıdır ki, hətta bizim dövrümüzdə də katolik kilsəsi Brunonun ittiham edilməsini haqlı sayır. 20-ci əsrin sonunda ona bəraət məsələsi ortaya atılanda Papa II İohann Pavel bunu rədd edərək bildirirdi: “Bruno elmi nəzəriyyələrə deyil, teoloji səhvlərə görə məhkum edildi”. Papanın fikrincə, filosofa bəraət yalnız yadplanetlilər tapılanda verilə bilər.
Məşhur inancın əksinə olaraq, Bruno elmi baxışlarına və ya Kopernik nəzəriyyəsini dəstəklədiyinə görə edam edilməyib. O, xristian təliminə qəti şəkildə zidd olan bir sıra teoloji fikirlərə görə yandırılıb. Əslində, o, xristianlıq, neoplatonizm və hətta qədim Misir kultlarının elementlərini birləşdirərək öz dini və fəlsəfi sistemini yaradıb.
Cordano Bruno mürəkkəb şəxsiyyət, elmi həqiqəti müdafiə edən alim deyil, eyni zamanda dini islahatçı və öz təliminin yaradıcısı idi. Onun edamı ideyaların həyatla ödənildiyi bir dövrün faciəvi simvoludur.
Bu gün Romadakı Çiçək meydanında Brunonun abidəsi var. O, Vatikana tərəf baxır. Rəsmi doktrina ilə fikir ayrılığının insan həyatı bahasına başa gələ biləcəyi dövrlərdən xəbər verir. Lakin onun cəsarətindən danışarkən tarixi həqiqəti də xatırlamaq lazımdır. Bruno elm üçün deyil, belə bir şeyin ağır cinayət hesab edildiyi bir dövrdə alternativ dini sistem yaratdığı üçün edam edilib.
Vəli Həsənoğlu,
KONKRET.az