Gənclərin yad təsirlərdən qorunması, onların vətənpərvər ruhda yetişdirilməsi günün tələbidir – ŞƏRHbackend

Gənclərin yad təsirlərdən qorunması, onların vətənpərvər ruhda yetişdirilməsi günün tələbidir - ŞƏRH

44 günlük müharibədə əldə olunan qələbədə və ondan sonrakı dövrdə Azərbaycan gəncliyi üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib. Azərbaycanın suveren hüquqlarının bərpasında gənclərin xüsusi payı var. Bununla belə, müasir gəncliyə baxış birmənalı deyil. Böyük bir hissə gənclikdən nəinki narazıdır, hətta yaşlı nəsildə onların sabahı barədə bir narahatlıq var. Nəzərə alaq ki, bütün zamanlarda nəsillər arasında ideoloji mübarizə, fikir ayrılığı olub, heç zaman gənc nəsillə yaşlı nəsillərin baxışları və maraq dairələri üst-üstə düşməyib.

Azərbaycanda gənclərin sayı açıqlandı - Unikal.az

Xatırladaq ki, 60-70-ci illərdə doğöulanlar millenial nəsil kimi X nəsili, 70-dən 80-ci illərin sonuna qədərki nəsli E nəsili, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən başlayan nəsili isə Z nəsil kimi səciyyələndirilir. Bundan sonrakı nəsil isə Alfa nəsili kimi proqnozlaşdırılır. Hər bir millenial nəslin öz xüsusiyyətləri var. Məsələn, 60-cı illərin nəsilində kitaba xüsusi həvəs vardı. Hər kəs evində kitabxana yaradırdı. O dövrün insanları sanki bir yarışa girişmişdilər ki, görək kimin kitabxanasında daha çox və nadir kitablar olacaq.

Çünki, o zaman rəqəmsal dövr deyildi və o dövrdə komanda şəklində işləmək daha xarakterik idi. Sonrakı E nəsili isə Sovet sisteminin fiaskosu illərinə düşdü. O dövrün insanları dilemma qarşısında qalmışdı ki, hansı yolu seçsinlər. Bu dövr daha çox informasiya bankının zənginləşdiyi bir dövr idi. İnsanlar print ədəbiyyata üz tutmuşdu. Bu dövrün gəncliyi əvvəlki dövrün gəncliyi ilə müqayisədə bir qədər yayğın və polilemma qarşısındadır. İndiki Z nəslinə gəldikdə isə onu demək olar ki, bu dövrdə doğulanlar sürət əsrində doğulanlardır. Bu nəsil hər şeyə əvvəlki nəsillərdən fərqli rakursdan baxır. Bunun da səbəbi əvvəlki nəsilin rəqəmsal cəmiyyətə daha ləng inteqrasiya olması ilə bağlıdır.

Bir sözlə, nəsillər arasında gedən əbədi mübarizə bu gün də davam edir. Məsələn, bugünki gənclik haqqında heç də arxayınlıqla danışılmır. Çünki, bugünki gənclik xarici təsirlərə daha açıqdır. Bu təsirlər isə əsasən milli-mənəvi dəyərləri, ailə institutunu sarsıtmağa və vətənpərvərlik hissini zəiflətməyə yönəlib. Bugünki gəncliyə daha çox ümumi dəyərlər təbliğ olunur və bu mesajlar gənclərə və yeniyetmələrə müxtəlif vasitələrlə ötürülür.

Müasir Azərbaycan gəncliyi necə olmalıdır?

Məlumdur ki, hər bir toplumu xalq edən immanent şəkildə ona məxsus olan milli mənəvi dəyərləri və etik normalarıdır. Bu dəyərlər statik səciyyə deyil, dinamik səciyyə daşıyır. Yəni zaman dəyişdikcə, bu dəyərlər təkmilləşir, inkişaf edir. Ümumiliyyətlə, millət, cəmiyyət olaraq diqqət etməliyik ki, milli-mənəvi dəyərlərimizi kənar, yad, dağıdıcı təsirlərdən qoruya bilək.Çünki bizim cəmiyyətin sosial mobilliyi, həmrəyliyi milli mənəvi dəyərlərimizin nə dərəcədə dayanıqlı olmasından asılıdır.

Heç kimə sir deyil ki, son illər ailə institutunu məhv etmək üçün müxtəlif layihələr həyata keçirilir. Həmin layihələrdən biri də seriallarda nikahdankənar uşaqların dünyaya gətirilməsinin təşviqidir. Ən maraqlısı da odur ki, nikahdankənar uşaqları əsasən serialın baş qəhrəmanları dünyaya gətirir. Hansı ki, baş qəhrəman bütün cəhətləri ilə cəmiyyətə nümunə kimi göstərilməlidir. Beləcə, nikahdankənar uşaqların dünyaya gətirilməsi baş qəhrəmanın müsbət xarakteri kimi gizli mesaj şəkildə cəmiyyətə ötürülür. Bu isə olduqca qorxulu tendensiyadır. Çünki bunun əsas hədəfi ailə institutunun dağıdılmasıdır. Bunun ardınca eynicinslilərin evlilik məsələsi gündəmə daşınacaq. Bu isə çox qorxunc bir trenddir.

Daha bir qorxunc trend isə gənclərdə sosial şəbəkə aludəçiliyidir. Hazırda yeniyetmələrin və gənclərin əksər hissəsi vaxtlarının çoxunu sosial şəbəkələrdə keçirirlər. Bu asılılıq isə insanları faydalı əməkdən soyudur, pis vərdişlərə aludə edir. Məsələn bu yaxınlarda gənclərin məşğulluq vəziyyətini öyrənmək üçün monitorinq aparılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, 15-24 yaş aralığında olan gənclərin 20 faizi heç yerdə işləmir və təhsil almırlar. Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir. Amma onar günlərini sosial platformalarda keçirirlər. Hansı ki həmin platformalar gənclərə yüngül həyat tərzi, asan pul qazanmaq yollarını təlqin edir. Üstəlik, sosial şəbəkədən asılılığı olanlar üçün milli və dövlət dəyərləri arxa plana keçir. Daha çox ümumiləşdirilmiş və milli kimliyin sorulmadığı bir mühit təlqin edilir.

Milli mənlik şüuru: Vətənpərvərlik, milli mənəviyyat və vicdan...

Bəs, nə etməli?

Gəncləri mənəvi və fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyüməsi üçün məktəblərdə ciddi iş aparılmalıdır. Məktəb əvvəlki funksiyasına qayıtmalıdır. Bir zamanlar məktəblər uşaqlara təkcə elm öyrətmirdi, həm də onların layiqli vətəndaş kimi böyüməsi funksiyasını da üzərinə götürmüşdü. Ona görə də bir zamanlar orta məktəbi bitirənlərə indiki kimi təkcə attestat verilmirdi. O zaman yeniyetmələr kamil şəxsiyyət kimi formalaşdırlırdı. Yəni orta məktəbi bitirən gənc müstəqil həyata kamil şəxsiyyət kimi atılırdı. Bunun üçün məktəblərdə uşaqlara vətənpərvərlik, milli və dini dəyərlər mövzusunda çox önəmli biliklər öyrədilirdi. Amma bu gün məktəblər daha çox əzbərçiliyi və hətta zombiçiliyi təlqin edir. Praktika göstərir ki, orta məktəbi yüksək balla bitirən və ali məktəblərə qəbul olanların çoxu sonrakı dönəmdə heç də uğur qazana bilmirlər. Çünki, onlarda kamillik çatmır. Bu gün cəmiyyətimizə yaxşı oxuyan yox, kamil vətəndaş lazımdır. Unutmayaq ki, 44 günlük müharibə iştirakçılarının və şəhidlərimizin ən azı 80-85 faizi ortatəhsilli gənclər idi. Bu da onu sübut edir ki, Vətəni qorumaq və sevmək üçün ali təhsil çox da vacib deyil. Vətəni və xalqı sevmək üçün kamillik lazımdır. Ona görə də gəlin, gənclərimizin təkcə diplomlu yox, həm də kamil vətəndaş olmasının qeydinə qalaq. Unutmayaq ki, kamil insan nə cəhalətə boyun əyər, nə yad təsirlər altına düşər, nə də Vətən sevgisini qəlbindən çıxarar.

Nəzərə alaq ki, bugünkü gəncliyin kamil insan kimi qürurla danışmağa və hərəkət etmək üçün bütün imkanlar var. Bugünkü gənclik daha əvvəlki illərdə olduğu kimi qaçqın-köçkün adı altında əzlilmir. İşğal altında olan torpaqların və törədilən erməni vəhşiliyin xəcalət yükündən azaddırlar. Unutmayaq ki, indi gəncləri vətənpərvər ruhda yerişdirməyimiz üçün əlimizdə daha çox qəhrəmanlıq nümunələrimiz var.

Natiq Səlim

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*