Rusiyanın Xabarovsk şəhərində yaşamış jurnalist, bloger Aleksey Romanov YouTube-dakı kanalında Georgi Vanyanla “Sürgündə bir barışıq” adlandırdığı reportaj yayımlayıb.
“Onun Ermənistana baxışı erməni cəmiyyətinə tətbiq olunan fikirlərdən təəccüblü şəkildə fərqlənir. Birinci Qarabağ müharibəsindəki qələbədən sonra onu eşitmək istəmirdilər, ikinci məğlubiyyətdən sonra da eşitmək istəmirlər. O, Ermənistanda heç kimin cəsarət etmədiyi şeyləri söyləyir. Və eyni zamanda şəxsən onun mövqeyini ən adekvat hesab edirəm”, – deyə A.Romanov G.Vanyanla video müsahibənin təsvirində yazır.
Xatırladaq ki, hələ noyabrın əvvəllərində G.Vanyan Baş nazir Nikol Paşinyana açıq məktubla müraciət etmişdi. Erməni hüquq müdafiəçisi öz facebook səhifəsində Ermənistanın baş nazirini xalqına qarşı müharibə cinayətlərini dayandırmağa çağırıb. Bundan sonra G.Vanyan təhdid edilib. G.Vanyan Nikol Paşinyana ünvanlanan açıq məktubun mətnini silməkdən imtina etdkdən sonra ona qarşı hücumlar daha da güclənib. Aleksey Romanovla müsahibədə Georgi Vanyan bir sıra maraqlı tezislər dilə gətirib.
KONKRET.az onların bəzilərini oxucularına təqdim edir.
G.Vanyan jurnalistlə söhbətin əvvəlində N.Paşinyana 29 oktyabrda müraciət etdiyini, müharibəni qırğın adlandırdığını bildirib.
“Bu cinayət müharibəsini dayandırmağa çağırdım. Və dedim ki, Azərbaycanla birbaşa danışıqlar aparın. Ermənistanın yalnız bir müttəfiqi var – bu, Azərbaycandır”, – deyə G. Vanyan vurğulayıb. Müsahibədə xatırlanıb ki, hələ 2006-cı ildə verdiyi müsahibədə G.Vanyan ölkə rəhbərliyini ciddi şəkildə xəbərdarlıq edib ki, Ermənistan əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
Erməni politoloq daha sonra deyib: “Ermənistanın bütün rəhbərləri de yure Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Görünən odur ki, 30 ildir Ermənistan hakimiyyəti vətəndaşları aldadıb. Nikol Paşinyan bunu hətta 10 noyabrda da etiraf etdi”.
A.Romanovun əslində niyə mühacirətdə yaşadığına dair sualını cavablandıran G. Vanyan təqib olunduğunu və İrəvanı tərk etməli olduğunu cavablandırıb. 2017-ci ildən sonra (N.Paşinyan hakimiyyətə gələndə) Ermənistanda nəyin dəyişdiyi barədə suala G. Vanyan belə cavab verib: “Kazarmada necə demokratiya ola bilər?”
O vurğulayıb ki, N.Paşinyanın hakimiyyətə gəlməsi məxməri inqilabın nəticəsi deyil. “İnsanlar bunun inqilab olduğuna inanırdılar. Ancaq Ermənistan və Azərbaycanda bir nömrəli məsələ Qarabağ münaqişəsidir. Bu məsələdə Nikol Paşinyan Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın varisi oldu. Ermənistan bir kazarmadır. Kazarmada isə inqilab ola bilməzdi”.
“Sizcə, Ermənistana sahib olan Serj Sarkisyan, Robert Köçəryan hakimiyyəti bu qədər asanlıqla, “məxməri”, ağıllı şəkildə kiməsə ötürərdi? Əlbəttə ki, yox. Ermənistan qan gölünə çevrilərdi. Buna görə də hansısa inqilabdan danışmaq cəfəngiyyatdır!” – deyə o bildirib.
G.Vanyan jurnalistlə söhbətində xüsusi olaraq vurğulayıb ki, Paşinyandan xain çıxartmaq səhvdir. Çünki baş verənlərdə Ermənistanın bütün hakim elitası günahkardır.
“Onlar 30 il birlikdə Ermənistan vətəndaşlarının maraqlarına xəyanət etdilər. Bunlar siyasi elitadır”, – deyən hüquq-müdafiəçisi erməni xalqının hüquqlarını pozan zümrənin 5-6 faiz olduğunu da qeyd edib. Cəmiyyətin bu kiçik faizi şərtlərini başqalarına diktə edə bilər, çünki Ermənistan vətəndaşlarından oğurladıqları bütün kapital onlara məxsusdur. “30 ildir qazandığımızı qələbəni bütün dünyaya elan edirdik. Ancaq əslində Ermənistan özü məğlub olmuşdu”, – deyə G. Vanyan hiddətini gizlətməyib.
“Kəlbəcərdən olan qaçqınlar unitazlar da daxil olmaqla bütün ev əşyalarını apardılar, evləri və meşələri də istəklərinə qarşı olaraq yandırdılar. Düşünürəm ki, bu təlimatlı bir proses idi. Ermənistan prezidentinin müraciətlərindən birini diqqətlə araşdırsanız, bunun sübutlarını tapa bilərsiniz. Bu, münaqişənin davam etməsi ilə bağlı bir mesaj idi”, – deyə G. Vanyan vurğulayıb.
G.Vanyan indi də erməni liderlərinin revanş götürmək istədiklərini önə çəkib. “Artıq partizan müharibəsindən danışırlar və onun davamı terrorizmdir”, – G. Vanyan öz narahatlığını bildirib. Onun fikrincə, bu baxımdan münaqişənin sonu barədə danışmaq hələ tezdir. A.Romanovla söhbət zamanı G.Vanyan dəfələrlə bunları da vurğulayıb: “Biz Ermənistanı itirdik. Suverenliyimizi itirdik. İndi heç bir məsələ Ermənistanda həll olunmur”.
O, həmçinin qeyd edib ki, N.Paşinyan dərhal İlham Əliyevlə danışıqlar masasına oturmalı və bunu vasitəçilər olmadan etməlidir: “N.Paşinyan bunu 27 sentyabrda etməli idi”. Lakin G.Vanyanın özünün də etiraf etdiyi kimi, Ermənistanın hazırkı hökuməti bunu etməyəcək.
Natiq Səlim,
KONKRET.az