Bu gün Globalinfo.az saytının 2 yaşı tamam olur. İki il öncə bu gün kiçik heyətlə böyük yola başladıq. İnanırdıq ki, uğur qazanacağıq. Cəmi bir neçə gün öncə tanış olduğum gənc və işıqlı insanlarla belə məsuliyyətin altına çiyin vermək ciddi qərar idi. İnamımız özümüzdən 100 metrlərlə ucadaydı. Elə biz də havalardaydıq, nə danaq. Dəhşətli şəkildə inanmışdıq uğur qazanacağımıza. Qısa müddətdə bir-birimizə bağlandıq. Bir-birimizə güvəndik. Ciddi, sistemli işləməyə start verdik.
İki ilin tamamında ölkə saytları arasında ilk 15-likdə (əslində, əksər vaxt 10-luqda, 12-likdə oluruq) qərarlaşmışıq.
Globalinfo.az Azərbaycan mediasının sonbeşiyidir. Bizdən sonra belə miqyaslı, oxunan, sayılan sayt yaradılmayıb. İstərdik yaradılsın. İnanırıq ki, yaradılacaq. Çox lazımdır. Ciddi media resurslarına ehtiyac əvvəlkindən daha çoxdur. Lağ-lağı, məsuliyyətsizlik, baş girləmək vaxtı çoxdan keçib. Məsuliyyətli mərhələyə gəlib çıxmışıq. Ölkənin informasiya sərhədlərinin qorunması üçün hər gün daha çox, daha ciddi, daha canı-dildən çalışmaq lazımdır. Düşmən indi daha çox informasiya cəbhəsində vuruşur bizimlə.
Biz bir lazımsız və təhlükəli qənaəti aradan qaldıra bildik. Əksəriyyət düşünürdü ki, indən sonra ciddi mövzularla media sektorunda mövqe tutmaq mümkün olmayacaq. Az qala daşlaşmaqda olan bu lazımsız və ziyanlı fikri dəyişə bildik. Belə olmadığını media peşəkarları və qeyri-peşəkarları gördü. Azərbaycanda çox ciddi oxucu kontingenti var. Biz onlara istinad etdik. Yanılmadıq. Oxucuları da yanıltmadıq. Ciddi, örnək saytların belə az qalsın “sarılaşdığı” dövrdə biz ilk gündən tutduğumuz yoldan, seçdiyimiz taktikadan sapmadıq.
Globalinfo.az kollektivi
Ötən il 1 yaşımız tamam olanda yazmışdım ki, biz qalib və yeni Azərbaycanın mediasıyıq. 1 ilimizin tamamına 1 ay qalmış Prezident İlham Əliyev Azərbaycan bayrağını Xankəndidə qaldırdı. 1 yaşımız ərəfəsində Ali Baş Komandan Xankəndidə hərbi parad qəbul edirdi. Biz hər iki hadisəni canlı yayırdıq. Həm də qürurla…
Bu il – 2 yaşa vardığımız günlərdə isə Azərbaycan qlobal tədbirə ev sahibliyi edir. Paytaxtımızda COP29 sammiti keçirilir. Globalinfo bu qlobal tədbirin açılış mərasimini canlı verən saytlar sırasında yer almışdı. Həmçinin əməkdaşımız Zaira Akifqızı COP29 tədbiri keçirilən məkandan hər gün xəbərlər, açıqlamalar, sorğular hazırlayır.
Beləcə, digər həmkarlarla bərabər Azərbaycanın qələbə xəbərlərini, uğur hekayəsini yazırıq. Bundan gözəl nə ola bilər?..
Hədəfimiz dəyişməyib: böyüməyi, daha qlobal platformaya çevrilməyi qarşımıza məqsəd qoymuşuq. Bura qədər minimal maddi imkanlarla gəlib çıxa bildik. Əslində normal dünya standartları ilə yanaşdıqda qısa müddətdə bu nəticə üçün 100 minlərlə manat vəsait lazımdır. Biz bunu minimum imkanlarla reallaşdırdıq. Amma inkişafda olan media subyekti üçün ciddi vəsait vacibdir. Bu artıq daha qlobal yanaşma tələb edir.
Bu iki ildə bizi tək qoymayan dostlara, dəstək verən dəyərli insanlara, tanıdığımız, tanımadığımız bütün oxuculara salamımızı, təşəkkürümüzü çatdırırıq. Bizə inandığınız, etimad etdiyiniz üçün sağ olun, əziz insanlar.
Ən böyük təşəkkürüm isə Globalinfo komandasınadır. Başda baş redaktorumuz Aqşin Evrən olmaqla, bu saytda imzası, əməyi, göz nuru olan hər kəsi təbrik edir, bağrıma basıram. Biz bacardıq, dostlar! Hər zaman başımız dik, düşüncəmiz Global olsun. Bir işə ki vicdanla, əxlaqla, eşqlə və peşəkar yanaşırsan, uğur qaçılmazdır.