Heyvan hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatı PETA ilanların ovlanaraq dərilərindən dəbdəbəli çantalar hazırlanmasının görüntülərini paylaşıb.
KONKRET.az xəbər verir ki, PETA-nın paylaşdığı fotolar və sənədlərdə dəbdəbəli italyan markası olan Gucci üçün ilanların vəhşicəsinə öldürüldüyü və dərilərinin çıxarıldığı göstərilir.
PETA-nın paylaşdığı görüntülərdə Taylandda iki piton ilanı öldürən müəssisənin işçiləri əks olunub. Onların əllərində qayçı, çəkic və bıçaq kimi alətlər olub. Bu görüntülərdə heyvanlar işgəncə ilə öldürülür, sonra xüsusi qayçıl və bıçaqlarla dəriləri soyulur.
Gucci-nin bu müəssisələrdən əldə etdiyi dəridən ayaqqabı, çanta və kəmər istehsal edilir. Keçən ilin fevral və noyabr aylarında əldə edilən məlumatları dərc edən PETA Uttaradit və Sukhothay bölgələrində piton ilan ovuna çıxan müəssisələri ifşa edib. İlanların dərilərinin bəzən diri-diri soyulması iddiaları da var.
İlanlara qarşı zülmün şahidi olan PETA əməkdaşı CBS News-a danışıb. O bildirib ki, “İlanların bədənlərini genişləndirmək və dərinin soyulmasını asanlaşdırmaq üçün onlar əvvəlcədən su ilə şişirdilir. Bu proses saatlarla, günlərlə davam edə bilər. İlanlara qarşı tam qəddar və iyrənc rəftar edilir”.
PETA Taylanddakı fermalarda 15.000-ə qədər ilan yetişdirildiyini və hər gün 20-30 pitonun öldürüldüyünü vurğulayıb. Heyvanları qoruyan təşkilat sübut olaraq piton dərisininin alqı-satqısını təsdiqləyən foto da paylaşıb.
Fotodakı faktura sənədində göstərilir ki, dərilər Taylanddakı “Closed Cycle Breeding İnternational” ferması tərəfindən verilib və 2001-ci ildə Gucci tərəfindən alınmış İtaliyadakı “Caravel Pelli Pregiate Spa” adlı dəri emalı zavoduna göndərilib.
2015-ci ildən şirkət Gucci-nin də sahibi olan Fransız Kering qrupu ilə bağlıdır. Kerinq məsələ ilə bağlı açıqlama verməyib.
Gucci-nin saytında satılan Jackie Notte Python Mini Bag adlı çanta təxminən 5300 dollara satılır.
Qeyd edək ki, Pitonlar ümumiyyətlə sakit və həssas heyvanlar kimi tanınsa da, çox vaxt müqavimət göstərmədən tutulduqları üçün onlara üstünlük verilir.
Hazırladı: Natiq Səlim,
KONKRET.az