Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək. Görüş zamanı sülh müqaviləsinin paraflanacağı gözlənilir. Maraqlıdır, bu sənədin real imzalanması ehtimalı nə qədərdir?
Politoloq Samir Hümbətov KONKRET.az-a açıqlamasında bildirib ki, paraflanma sənədin imzalanması üçün mühüm mərhələdir və qəbul edilən bütün qərarların icrasını nəzərdə tutur:
“Paraflanma o deməkdir ki, sənəd imzalanacaq və qəbul edilən bütün qərarlar icra olunacaq. Bu, əslində uğurdur. Ermənistanda belə ABŞ-a qədər gedilibsə, deməli tərəflərin anlaşma imzalamaq niyyəti var. ABŞ və tərəflər buna isti yanaşır. Ehtimallar böyükdür, sənəd imzalana bilər.”
Onun sözlərinə görə, sənədin imzalanması ehtimalı yüksək olsa da, kənar qüvvələrin, xüsusilə Rusiyanın və Ermənistanda bəzi dairələrin təxribat törədərək prosesi pozmaq cəhdi mümkündür:
“Rusiya başa düşür ki, sülh müqaviləsinin bəndləri paraflanıbsa, yekun imzalanma da ola bilər. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Hər halda sənəd paraflanarsa, bu, sülh müqaviləsinin 70 faiz imzalanması deməkdir.”
Hümbətov əlavə edib ki, hazırda prosesin gedişatını izləmək vacibdir, lakin imzalanma ehtimalı kifayət qədər böyükdür.
Müşviq Tofiqoğlu
KONKRET.az