Gündə yüz dəfə ölüb-dirilənlər – Məhəmmədin “ağ ölüm” hekayəsi – FOTOLARbackend

Gündə yüz dəfə ölüb-dirilənlər - Məhəmmədin "ağ ölüm" hekayəsi - FOTOLAR

İnsanları bir-birilərindən fərqləndirən həm də onların yaşam tərzidir. Həyatlarını rəngarəng edən fərqli dünyagörüşü, fərqli düşüncə tərzi, hadisələrə başqa prizmalardan yanaşmalarıdır. Amma dünyada bir qrup insan da var ki, həyat tərzləri eynidir və zahirən həm də bir-birilərinə bənzəyirlər. Özlərinin etiraf etdiyi kimi, sadəcə alternativ mühit seçib orada daldalanırlar. Dünyanın “keyfi”ni çıxara-çıxara özlərini ətraf aləmdən təcrid edən bu toplumdakı insanların məşğuliyyəti də fərqlidir. Qaranlıq aləmin boz adamları “ağ ölüm”lə dostluq edir və gündə yüz dəfə ölüb-dirilməkdən “həzz alırlar”.

Narkomanların güclü yaddaşları var, ağılları yalnız bir şey üçün işləyir. Həyatda əldə etdikləri hər şeyi bir tikə narkotik üçün qurban verməyə hazır olan bu adamlar həm də yalan danışmağı sevirlər. Uydurmaları elə inandırıcı olur ki, bəzən özləri də öz yalanlarına inanırlar. Həyatda hər şeyə biganədirlər. Aralarında bir məşhur deyim var: narkoman məzuniyyətə çıxsa da, təqaüd üzü görmür.

Narkomanın xəyalı da həyatı kimi əksər hallarda yarımçıq olur. Normal düşünüb xəyal qura da bilmirlər. Onlar yalnız bircə şey arzu edirlər. Onu da tapan kimi toy-bayram olur…

Bu mövzuda yazmağı düşünəndə ağlımdan ilk keçən Məhəmməd oldu. Məhəmmədi çoxdan tanıyıram. Daha doğrusu, gözümün qabağında böyüyüb. Ağıllı, işgüzar, böyük-kiçik yeri bilən idi. Tay-tuşları içində də seçilirdi. Məhəmməd həm də sədaqətli ailə başçısı idi. Ailəsinin qayğısına qalan bu cavan oğlan günlərin birində “dostları”nın güdazına getdi. Ətrafı Məhəmmədi narkomaniyaya cəlb etdi və bu cavan oğlanın çətin günləri başlandı.

20-ci əsrin bəlası hesab edilən “ağ ölüm”ün Azərbaycanda yayılma dinamikası ötən əsrin 90-cı illərindən artmağa başlayıb. Gündən-günə vüsət alan bu zərərli vərdişə yoluxma tendensiyası 2000-ci illərin əvvəllərində daha da çoxalıb. Məhəmməd də həmin dalğaya tuş gəlib və özü də hiss etmədən narkotik aludəçisinə çevrilib.

Onunla söhbətə halını soruşmaqla başlayıram:

– Özünü necə hiss edirsən?

– Şükür, indi yaxşıyam.

– Mən səni uşaqlıqdan tanıyıram, amma narkomaniyaya 30 yaş ərəfəsində qurşanmağın bir balaca təəccüb doğurur. Nə baş verdi?

– Hər şey çox gözəl idi. Yenicə evlənmişdim. İşləyirdim, yaxşı da dolanırdıq. Amma günlərin birində hər şey dəyişdi (azacıq fikrə gedir).

Qapı-pəncərə sexlərinin birində sürücü işləyirdim. Hər şey də oradan başlandı. O zaman bu məsələlərdən anlayışım yox idi, fəsadları barədə də bilmirdim. Bəlkə də bilirdim, sadəcə dərk etmirdim. Sexin sahibi hər gün otağına çağırıb, mənə ağ toza oxşar dərman təklif edirdi. Düzdür, ilk günlər imtina etdim. Amma sonradan diqqətimi çəkdi, yavaş-yavaş o zəhrimarı mənə daddırmağa başladı. Təxminən 10-15 gün hər gün yanına çağırıb, həmin dərmanlardan istifadə etməyimə şərait yaratdı. Günün birində dəvət gəlmədi və mən özüm onun yanına gedib, mənə verdiyi ağ dərmanları istəyəndə “daha havayı deyil, bundan sonra pulla ala bilərsən” cavabını aldım. Həmin gündən sonra nəyin bahasına olursa-olsun onu tapıb istifadə eləməyə başladım. Bir neçə dəfə narkotikdən uzaq durmaq istəsəm də, alınmırdı. Əhatəsində olduğum insanlar özləri məni tapırdılar. Sonra şiddətli ağrılar başladı. Hiss edirdim ki, artıq asılılıq yaranıb. Özü də çox pis asılılıq vardı. Ağrılardan xilas olmağın yollarını axtaranda narkotikdən başqa çıxış yolu görmürdüm.

– İndi o illərə nəzər salanda hansı hissləri keçirirsən?

– Hər şey geridə qaldı. Allaha şükür edirəm ki, bu bəladan qurtara bildim. Hər şey ətrafdan asılıdır. “Dostlarım” sexə işləməyə gələn hər kəsi bu yola çəkməyə çalışırdılar. Əksəriyyət də onların toruna düşürdü. Amma bir hadisə heç vaxt yadımdan çıxmaz. Bizim sexdə işləyən bir nəfər də bu zərərli vərdişə qoşulmaq istəyirdi. Hər gün gəlib dərman istəyirdi, amma onu yanlarından qovurdular. Sonra məlum oldu ki, sexdə narkotik istifadə etməyən tək o qalıb.

…Allah heç kəsə göstərməsin. Hansı günlərdən keçdim, nələr gördüm…

Elə bir bəladır ki, qurşanan çətin ayrılır. Narkomaniya xəstəlik deyil, necə bir bəla olduğunu ifadə edə bilmirəm. Asılılıq da deyil, sadəcə sindromdur. Əvvəl-əvvəl xoş təsir bağışlasa da, sonra heç nə anlamırsan. Sadəcə onunla yatıb-qalxırsan və beyni qurumuş manqurta çevrilirsən. İşin-gücün   ağrılardan xilas olmağın yollarını tapmaq olur. Bunun üçün də narkotik dilənçisinə çevrilirsən. Çox çətin günlər yaşadım. Hər gün ailədə qırğın-dava olurdu. Hamısını da mən yaradırdım. Vaxtı çatanda ağrıdan dayana bilmirdim. Narkotik almağa pul lazım olurdu. Yerin deşiyində də olsa pul tapırdım və istədiyimi alırdım.

– Necə tapırdın?

– Ona-buna yalan danışmaqla, dost-tanışı aldatmaqla, ailənin sonuncu çörəkpulunu götürüb qaçmaqla, istənilən yolla pul tapırdım.

– Elə gün olub ki, istifadə edə bilməmisən?

– Pul tapmayanda istifadə etmədiyim vaxtlar olub. Amma çalışıb haradansa pul tapırdım. Ya da satanlara yalandan deyirdim ki, bir azdan pulunu verəcəm. Onlar da verirdilər.

– Bəs bu bəladan necə xilas oldun?

– Neçə dəfə müalicə olunsam da, xeyri yox idi. Sadəcə bir-iki aylıq müalicədən sonra yenidən zərərli vərdişimə qayıdırdım. Amma son anda məni dövlət xilas etdi. Narkomaniyadan əziyyət çəkənlərə gündəlik “Metodon həddi” verirlər. Mən də müraciət etdim və əvvəllər çətin olsa da yavaş-yavaş öyrəndim. Həmin müalicə kursu mənim narkotik asılılığıma kömək etdi və beləcə xilas oldum.

Müalicə olunduqdan sonra nə qədər səhv buraxdığımı anladım. Ömrümün 15-16 ilini “ağ ölüm” apardı, amma mən sağ qaldım. İndi mənimlə bu yola düşənlərin əksəriyyəti həyatda yoxdur. Məni yanına çağırıb narkotikə öyrədən adam da narkomaniyanın qurbanı oldu. Demək olar ki, “dostlarım”ın hamısı ölüb. Sağ qalanlar da “dəmir barmaqlıq”lar arasında cəza çəkir. Bu yoldan əl çəkməyənləri “dostlarım”ın aqibəti gözləyir. Narkomaniyanın sonu sadəcə ölümdür.

– Necə olsa da, səni tanıyan narkomanlar var. Onların sıralarını tərk etməyindən xəbərləri var. Görəndə reaksiyaları necə olur?

– Sadəcə həsədlə baxırlar və məndən kömək istəyirlər. Mən də deyirəm ki, bunun tək yolu polad iradə və narkoman “dostlar”dan uzaq durmaqdır. Əksəriyyəti qayıtmaq istəsə də, onlarda alınmır. Açığı, mən də çalışıram onlarla təmasdan qaçım. Onların söhbətinin mövzusu yalnız narkotikdir və adam sadəcə bu iyrənç mühitə nifrət edir.

Məhəmməd başına gələnləri, buraxdığı səhvləri etiraf edəndə təəssüflənir, gözləri dolurdu. Uzun illər narkotikdən əziyyət çəkən həmsöhbətim 4 ildən artıqdır sağlam həyata qayıdıb və əməllərindən də çox peşmandır. Narkoman həyatı yaşayan bu şəxs “ağ ölüm”ün cəmiyyətə gətirdiyi bəlanı gözlərilə görüb, onu öz həyatında hiss edib. Keçmişini xatırladıqca nə boyda təəssüf hissi keçirdiyi dodağının titrəyişindən də hiss olunurdu. Bu titrəyiş altında sön sözləri isə gənclərə çağırışıyla bitdi: “Bu bəladan qayıdın, özünüzü və ailənizi məhv etməyin!”, – deyib dərindən köks ötürdü, göz yaşlarında boğuldu…

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*