Azərbaycan öz siyasi və iqtisadi çəkisinə görə dünyada fərqlənir. Ölkəmizin qalxan siyasi imici, Avropanın enerji təhlükəsizliyində oynadığı rol Azərbaycanın imkanlarını xeyli artırıb. İndi ölkəmiz dünyada baş verən hadisələrə də biganə qalmır və Azərbaycanın həmin münaqişə ocaqlarına göndərdiyi humanitar yardım yükləri dünyada böyük rəğbətlə qarşılanır. Azərbaycanın dəfələrlə Ukraynaya və Suriyaya göndərdiyi yardımlar ölkəmizin münaqişə ocaqlarındakı köməksiz insanlara humanitar dəstəyinin ifadəsidir. Bu, Azrəbaycanın xarici siyasətinin tərkib hissəsidir və ölkə başçısı İlham Əliyev bu istiqamətdə balanslaşdırılmış siyasətini davam etdirir. Yaxın Şərq münaqişəsinin tüğyan etdiyi bir vaxtda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri də bu qəbildən idi.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, Azərbaycanla İsrail arasında bir sıra istiqamətlərdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur:
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsraildə bir sıra görüşlər keçirib. O cümlədən, İsrailin baş naziri Benyamin Netanyahu ilə də görüşüb. Azərbaycanla İsrail arasında münasibətlər hər birimizə bəllidir. İki dövlət münasibətləri yüksək səviyyədə davam etdirir. İsrail hələ keçmiş Qarabağ münaqişəsi mövcud olan dönəmdə də, Azrbaycanın beynəlxalq hüquqla ərazi bütövlüyünə, suvernliyinə həmişə dəstəyini nümayiş etdirib. Azərbaycan dövləti Yaxın Şərq münaqişəsinə həmişə ədalət prinsipi ilə yanaşıb. Əslində, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq hüquqi sənədlərə uyğundur. 1947-ci ildə BMT TŞ-nin qətnaməsinə görə iki dövlət prinsipi mövcuddur və Azərbaycan həmişə həmin qətnaməni əsas götürərək öz mövqeyini ortaya qoyub. Təbii ki, bu münasibət, bu əməkdaşlıq özünü doğruldub və Azərbaycanla İsrail arasında münasibətlər davam etdirilir. Hazırkı mərhələdə müzakirələrin aparılması qarşılıqlı təmaslar, İsrail dövlətinin də, xalqının da maraqlarına uyğundur. Hikmət Hacıyevin İsrailin Baş naziri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi birbaşa diqqətə çatdırılıb. İkitərəfli münasibətlər müzakirə olunub. Bütün bunlar Azərbaycanın artıq beynəlxalq səviyyədə baş verən proseslərdə söz demək səviyyəsinə qalxmasını təsdiq edir. Bu, Azərbaycanın artan nüfuzu, beynəlxalq imici ilə bağlıdır. Azərbaycanın bu mövqeyi gələcəkdə vasitəçilik missiyasını da ortaya qoya bilər.
Vəli Həsənoğlu,
KONKRET.az