backend

“Hakimiyyətdə yaxın 6 ayda yeni komanda formalaşacaq” - GÖZLƏNTİLƏR

Prezident İlham Əliyev  oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bir çox mühüm məsələləri diqqətə çatdırıb. Həmçinin, yeni Baş Nazir təyin olunan Əli Əsədovla bağlı bunları deyib:

“Bir neçə gün bundan əvvəl mənim sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”.

Dövlət başçısı qeyd edib ki, yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub:

“Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.

Dövlət başçısının bu çıxışından sonra diqqətlə yeni Baş Nazir tuşlanıb.

İndi çoxlarını xeyli sual düşübdürür: məsələn, Nazirlər Kabinetində hansı kadr və struktur dəyişiklikləri aparılacaq? Yeni Baş Nazir Prezidentin dediyi kimi, hansı köhnə təfəkkürlü məmurlarla – nazir, ya da nazir müavinləri ilə vidalaşacaq? Baş Nazir müaviləri ixtisar olunacaqmı?
Daha hansı sahələrdə islahatlara ehtiyac var?

Bir sözlə, Baş Nazir Əli Əsədovdan gözləntilər çoxdur…


KONKRET.az Modern.az saytının mövzu ilə bağlı yazısını təqdim edir.

Çingiz Qənizadə xatırladıb ki, Əli Əsədov Baş nazir təyin olunandan sonra  bu, ilk geniş toplantı idi:

“Təbii ki, cənab Prezident həm də yeni Baş Naziri  təqdim edirdi, qarşısına qoyulan vəzifələri hökumət üzvlərinə çatdırırdı. Hesab edirəm ki,  Əli Əsədovun yeni Baş Nazir təyin olunması cənab Prezidentin apardığı kadr islahatlarının tərkib hissəsidir. Həqiqətən də Əli müəllim  bu günə kimi qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirib. Təbii ki, yeni Baş Nazir yeni nəfəslə, yeni arzu və istəklə qarşıya qoyulan tapşırıqları həyata keçirməyə çalışarkən özü işləyə biləcək  insanlara da üstünlük verməlidir. Düzdü, bu səlahiyyət cənab Prezidentdədir, ancaq Baş Nazir dövlət başçısından sonra icra orqanında ikinci ali şəxs olduğuna görə, güman ki yeni kadrlarla işləmək məsələsi onlar arasında müzakirə  predmeti olacaq. Əsas məsələ ölkədə iqtisadi artımın daha da gücləndirilməsidir. Bu, yeni iş yerləri,  ölkəyə yeni valyuta axını, iqtisadiyyatın inkişafı deməkdir. Bu baxımdan  iqtisadiyyatdakı irəliləyiş və artım insanların  normal yaşamasına, rifahına onların problemlərinin həllinə xidmət  edən məqamdır. Ona görə də cənab Prezident   insanların sosial problemlərinin,  sosial rifahının təmin edilməsi üçün bu artımın dövlətimizə lazım olduğunu bir daha vurğuladı .

Dövlət başçısı müşavirədə ayrı-ayrı məmurların islahatlara mane olmasını xüsusi qeyd etdi. Təbii ki ad çəkmədi. Bu, cəmiyyətin mövzusu deyil. Ancaq dövlət başçısı üstüörtülü bu məsələyə toxundusa, demək ki,  kifayət qədər məlumatlara malikdir. Bu işlə  məşğul olan, islahatlara mane olmaq istəyən insanlar xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Təbii, nəticə çıxartmayacaqlarsa, o zaman başqa tədbirlər görüləcək. Ümid edirəm ki, bu istiqamətdə islahatlar gedəcək. Bu islahatlara mane olan qüvvələr hakimiyyətdən uzaqlaşdırılacaq”.

Çingiz Qənizadənin sözlərinə görə, çox istərdi ki, Azərbaycanda islahatların aparılması çərçivəsində məhkəmə kadrları da dəyişdirilsin:

“Bu ilin 3 aprelində cənab Prezident məhkəmə-hüquq sahəsi ilə bağlı yeni fərman imzalayıb. Müəyyən işlər aparılsa da, islahatlara mane olan insanlar da məhkəmə hakimiyyətindən kənarlaşdırılmalı və bura yeni kadrlar təyin olunmalıdır. Cənab prezident qeyd etdi ki, savadlı gənc kadrlara üstünlük veriləcək. Hesab edirəm ki, hüquq sahəsində olan təcrübəli kadrlarımız məhkəmə orqanlarına rəhbərlik etməklə məhkəmə hakimiyyətində yaranan problemlərin həllində dövlət başçısına dəstəkçi olacaqlar. Bu sahədə də kadr islahatı olmadan məhkəmə  sahəsində hansısa uğurlu islahatların gedəcəyinə əmin deyiləm. Aprelin 3-də fərman verilib. Bu günə kimi məhkəmələrdən narazılqlar gəlməkdə davam edir. İslahatlara mane olan, islahatçı olmaq istəməyən və insanlara problem yaradan, qanunsuz qərarlar qəbul edən hakimlər, məhkəmə sədrləri ilə vidalaşmağın vaxtıdır. Onlar bizim ümumi işimizə zərər vururlar. Arzu edirəm ki, bu sahədə də islahatlar aparılsın”.

Yevda Abramov bildirib ki,  Əli Əsədov yaxşı kadr olmaqla yanaşı, yaxşı da iqtisadçıdır:

“İllərlə  cənab prezidentin iqtisadi məsələlər üzrə müşaviri olanda özünü doğruldub. Azərbaycanda gedən bir sıra uğurlu iqtisadi, abadlıq işləri onun göstərişləri ilə gerçəkləşib. Yaxın 6 ay ərzində Əli Əsədov çox yaxşı bir komanda quracaq. Müasir düşüncəli, yaxşı təhsilli, gələcəyə baxışları açıq olan insanları ətrafına toplayacaq. Cənab prezidentin ona göstərdiyi etimadı Azərbaycan xalqı qarşısında doğruldacaq. Onu şəxsən tanıyıram. Vətənpərvər kadrlarımızdan biridir”.

Aqil Abbas vurğulayıb ki, dövlətin içində oturub ona qarşı siyasət aparmaq olmaz:

“Yeni Baş Naziri çox yaxşı tanıyıram. İqtisadiyyatı bilən adamdır. Baş Nazirin də əsas işi ölkənin iqtisadiyyatını bilmək, yönəltməkdir. Ona gənclik illərindən bələdəm. Cənab Prezident onun qarşısında mühüm vəzifələr qoyub. Bu vəzifələri  mətbuatda açıqlamayıb. Bu vəzifələr ondan ibarətdir ki, iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı gerçəkləşsin. Bildiyiniz kimi, kadrlar məsələsində gəncləşmə prosesi gedir. Müşavirədə  qoyulan məsələlərdən biri də bu idi. Kadr məsələsində diqqətli olmaq, işi bilənə tapşırmaq çox önəmlidir. Təəssüf ki, yeni kadrlara qarşı mətbuatda bir hücum gözə dəyir. Buna da dövlət başçısı münasibət bildirdi. O demək deyil ki, yaxşı kadrlar evdə oturmaldır. Onlardan da öyrənmək lazımdır. Yadımdadır, 2005-ci ildə cənab Prezident məmurlara belə bir söz dedi: “Kim siyasətlə məşğul olmaq istəyirsə, gedib olsun”. Ancaq hökumətin içində oturub siyasətlə məşğul olmaq olmaz. Yalnız bir siyasətin ola bilər. O da Azərbaycan dövlətinin və cənab Prezidentin yürütdüyü siyasətə dəstək vermək. Bu siyasəti yürütməlisən. Hansısa siyasi təşkilatla hakimiyyətə qarşı əks-siyasət yürüdə bilməzsən. CənabP mesajları çox önəmlidir. Bu mesajları anlamaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*