“Qarabağ” Misli Premyer Liqasının 26-cı turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Karvan-Yevlax”ı 7:0 hesabı ilə məğlub edib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Adətən “Qarabağ” çempionatda dominant olur, rəqiblərini qabaqlayır və bu qədər xal fərqi ilə geriyə düşmür. Belə olan halda komanda vəziyyətə daha başqa cür reaksiya verməlidir. Bu mənada, komanda hazırkı durumda necə reaksiya verməlidirsə, onu verə bilir?
– Əlbəttə ki, verir. Komandada xatakter olmasa, nəticələr olmazdı. Çünki uğursuz seriyamız olub, sonra geridönüş edə bilmişik. Amma alınmayan vaxtlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. “Sabah” yaxşı balanslaşmış komandadır. “Neftçi”, “Zirə”, “Turan Tovuz” oyunlarını yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.
– Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var?
– Fikir bildirmək bəlkə düzgün deyil. Amma ümumən kənardan nə görünür? Hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda da hansı yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsiz futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onlardadır. Allah işlərini asanlaşdırsın.\\“Qafqazinfo”
