“Xalqımıza qarşı informasiya terroru həyata keçirilir. Hər biriniz, qonşularınız, Ermənistan Respublikasının hər bir vətəndaşı bu informasiya terroru altındadır. Bu informasiya terroruna Ermənistan hakimiyyəti xidmət edir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Ermənistan” parlament fraksiyasından olan deputat Aqnessa Hamoyan deyib.
Onun sözlərinə görə, deputatlar nə qədər müsahibə versələr də, parlamentin kürsüsündən, istənilən beynəlxalq platformadan çıxış etsələr də, vətəndaşların köməyi, onların bu işdə iştirakı çox önəmlidir:
“Hər birinizin bilavasitə bu informasiya terrorunun bombardmanı altında qalan qonşunuza, dostunuza, qohumunuza sadə insan dili ilə izah etməniz çox vacibdir. Bu baxımdan, bir daha deyirəm, xahişim odur ki, bizə köməklik göstərəsiniz ki, biz də vətəndaşlarımıza bu gün ölkəmizin hansı vəziyyətdə olduğunu, hansı yeni təhlükələrlə üzləşəcəyini izah edək”.
Natiq Səlim,
KONKRET.az