Yay mövsümünün özünü daha çox hiss etdirdiyi bu günlərdə temperaturun 40 dərəcəyə qədər yüksəlməsi sağlamlıq baxımından ciddi təhlükələr yaradır.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə həkimlər həyəcan təbili çalır ki, yüksək istilər ürəyə əlavə yük salır və onu yora bilər.
İsti havada bədənin temperaturu tənzimləməsi üçün ürək daha çox işləyir. Hidrasiyanın (bədənin maye balansı) pozulması, qan təzyiqinin enməsi, tərləmə ilə bədəndən duz və mineral itkisi kimi hallar isə ürək sağlamlığına ciddi zərbə vura bilər. Xüsusilə, ürək xəstəliyi olanlar, yaşlılar və hipertoniya xəstələri yay aylarında daha çox diqqətli olmalıdırlar.
Kardioloq Hande Namal Türkyılmaz bildirir ki, isti havalarda orqanizm artıq enerji sərf edir:
“Bədən temperaturu yüksəldikcə ürək ritmi də artır. Bu isə ürəkdə əlavə yük yaradır. İsti havalarda insan özünü zəif və yorğun hiss edirsə, bu, ürək dövranı ilə bağlı ola bilər.”
Əgər isti havalarda sinə nahiyəsində ağrı, nəfəs darlığı, başgicəllənmə, halsızlıq, ürəkdöyünmə hiss olunursa, bu, ürəyə ağır yük düşdüyünün göstəricisi ola bilər və mütləq həkimə müraciət olunmalıdır.
Yay aylarında ürəyi qorumağın yolları:
Günorta saatlarında (12:00-17:00) çöldə çox qalmaqdan çəkinin.
Bol su için, maye itkisinin qarşısını alın.
Yüngül, tər buraxan geyimlər seçin.
Mümkün qədər kölgədə qalın, fiziki fəaliyyəti məhdudlaşdırın.
Qidalanmada duzlu və yağlı yeməklərdən uzaq durun.
Mütəxəssislər əlavə edirlər ki, “mənə bir şey olmaz” düşüncəsi çox zaman təhlükəli nəticələr doğura bilər. Yay istisinə elə-belə yanaşmaq olmaz – bu, həm sağlam, həm də xəstə insanların ürəyi üçün ciddi risk yarada bilər.