Hazırlıq kurslarına artan tələbat nədən xəbər verir? – ARAŞDIRMAbackend

Hazırlıq kurslarına artan tələbat nədən xəbər verir? - ARAŞDIRMA

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb və təbii olaraq insanların təhsil qayğıları və xərcləri artmağa başlayıb. Bu sırada övladları əsasən yuxarı siniflərdə təhsil alan valideynlərin yükünün daha çox artdığını xüsusi olaraq vurğulasaq, heç də yanılmarıq. Belə ki, artıq indidən əksər valideynlər övladlarının hazırlığı ilə bağlı repetitor və kurs axtarışlarına başlayıblar. Sirr deyil ki, məktəbdən kənar hazırlıq prosesləri artıq ənənə halını alıb və büdcəsindən asılı olmayaraq heç bir valideyn bundan kənarda qala bilmir. Hazırda zərurətə çevrilən bu halın nədən qaynaqlandığı bir çox suallar doğurur. Əsas sual isə budur ki, ali məktəblərə hazırlıq kurslarının ildən-ilə artması orta məktəblərdə təhsilin səviyyəsinin aşağı düşməsinin göstəricisi sayıla bilərmi?

Əkrəm Həsənov, ekspert

Sualımızı ilk olaraq ünvanladığımız tanınmış ekspert Əkrəm Həsənovun fikrincə, hazırlıq kurslarına zərurət əsasən aşağıdakı səbəblərdən meydana gəlib:

– Müstəqilliyimizdən 28 il keçməsinə baxmayaraq, təhsilimiz hələ də sovet təhsil sistemindən qalmadır. Yəni hazırda məktəblərdə uşaqlara real bilik və əsasən də bacarıqlar verilmir, daha çox əzbərçilik  hökm sürür. Digər tərəfdən məktəblilərə yuxarı siniflərdə musiqi, texnologiya və s. kimi fənlər də tədris olunur ki, bu da onların dərs yükünü artırır.  Məsələn, 9-cu sinifdə buraxılış imtahanı verən şagird nə üçün musiqi, texnologiya və bədən tərbiyəsindən dərs keçməlidir? Belə olan təqdirdə məktəbdə əsas dərsləri mənimsəmək imkanı məhdudlaşan şagirdlər biliklərini əlavə kurslarda artırmağa üstünlük verirlər. Məncə, musiqi, texnologiya, hətta bədən tərbiyəsi fənləri barədə şagirdlərə 5-ci sinfə qədər ilkin biliklərin verilməsi kifayət edər. Digər tərəfdən, orta məktəblərdə tədris olunan bəzi fənlər, məsələn, tarix fənni olduqca qəlizləşdirildiyindən şagirdlərin dərs yükü birəbeş artıb. Mən hesab edirəm ki, 6-7-ci sinfə qədər bütün fənlər üzrə dərsliklər asanlaşdırılmalı və yalnız yuxarı siniflərdə ixtisas seçiminə uyğun olaraq fənlərin çətinlik dərəcəsi artırılmalıdır. Çünki hər hansı bir şagirdin bütün fənləri mükəmməl bilməsi absurddur və məktəblərdə belə bir sistemin bərqərar olması səbəbindən şagirdlərin konkret fənlər üzrə biliklərinin möhkəmləndirilməsi dərsdənkənar hazırlıqlara zərurəti artırır. Bunun da nəticəsidir ki, valideynlər məcburən əlavə kurslara üz tutmalı olurlar. Ona görə də mən hesab edirəm ki, dərsliklər və proqramlar tam dəyişilməlidir.

Kurs və repetitorlara zərurət yaradan digər bir məqam isə müəllimlərimizin maddi təminatsızlığıdır. Baxın, həmin kurslarda dərs deyən müəllimlər elə orta məktəb müəllimləridir. Və onların faktiki olaraq əsas gəliri kurslardandır. Yəni dövlətdən yaxşı maaş almayan müəllim potensialını məktəbə xərcləmir, yüksək tədrisdə maraqlı olmur. Sözsüz ki, bu hal da məktəblərdə təhsilin səviyyəsinə ciddi təsir göstərir və məlum problemlərə gətirib çıxarır. Hesab edirəm ki, məhz müəllimlərin əməkhaqlarının yüksək həddə çatdırılması ilə qoyulan məsələdə irəliləyişlərə nail olmaq olar. Doğrudur, dövlət başçısı bu istiqamətdə ildən-ilə əhəmiyyətli qərarlar qəbul edir. Amma ölkədə müəllim kadrların çoxluq təşkil etməsi bu istiqamətdə dövlət tərəfindən böyük addımların atılmasını çətinləşdirir. Fikrimcə, bu məsələni kökündən həll etmək lazımdır və müəllimlərin attestasiyasının aparılması bu istiqamətdə ən uğurlu addım ola bilər. Yəni bu prosesi həyata keçirməklə məktəblərdə ən savadlı müəllimlərin dərs saatının artırılmasına nail olmaq olar ki, bununla da həm maaşları, həm də təhsilin səviyyəsini yüksəltmək olar. Və beləliklə də dərsdənkənar kurslara tələbatı azaltmaq olar.

Fuad Məhərrəmov, “Zəfər” kurslarının filial müdiri

Mövzu ilə bağlı digər müsahibimiz – “Zəfər” kurslarının “Neftçilər” filialının müdiri Fuad Məhərrəmovun mövqeyinə gəlincə, o, kurslara tələbatın artmasını ümumən məktəblərdə təhsilin səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirməyin düzgün olmadığını bildirdi:

– Doğrudur, bəzi məktəblərdə təhsilin səviyyəsi aşağı olduğu üçün valideynlər övladlarını repetitor və kurslara yönləndirməyə məcbur olurlar. Yəni məktəblərdə bir çox müəllimlərin dərsə məsuliyyətsiz yanaşması, işlərinə can yandırmaması son nəticədə şagirdləri  biliklərini əlavə kurslarda möhkəmləndirməyə sövq edir. Hazırlıq kurslarına meylin artması burada hazırlıqların repetitorlardan ucuz başa gəlməsi ilə də əlaqələndirilə bilər. Məsələn, bir müəllim 10-11-ci siniflər üzrə hər hansı bir fənni 100-150 manata hazırlayırsa, kurslarda bu qiymət 5 fənn üzrə 180-200 manat arasında dəyişir. Son zamanlar kursların sayının kəskin çoxalmasına gəlincə, burada digər bir neqativ hal diqqəti daha çox cəlb edir. Belə ki, bəziləri artıq buna biznes mövqeyilə yanaşır və keyfiyyətə demək olar ki, önəm vermirlər. Ona görə də valideynlər bu məsələdə diqqətli olmalı, övladlarını illərin sınağından çıxmış hazırlıq mərkəzlərinə etibar etməlidirlər. Məsələn, biz “Zəfər” kursu olaraq 11 ildir bu sahədə fəaliyyət göstəririk və ilk 4-5 ili demək olar ki, bu işdən qazanc götürməmişik.  Əsas gəlirimizi keyfiyyət üzərində qurmuşuq ki, bu gün də nəticələrimiz göz önündədir. Sözsüz ki, kursumuzda çalışan müəllimlər elə orta məktəb müəllimləridir və biz onlara yaxşı məvacib vermək qarşılığında işimizi yüksək səviyyədə qura bilmişik.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyinə gəlincə, nazirliyin mətbuat xidmətinə üç gün ərzində yazılı və şifahi müraciətlərimizə baxmayaraq, “Ali məktəblərə hazırlıq kurslarının sayının ildən-ilə artması məktəblərdə təhsilin səviyyəsinin aşağı düşməsinin göstəricisi ola bilərmi?” sualımıza cavab ala bilmədik. Təhsilə birbaşa cavabdeh olan bu dövlət qurumunun məsələyə münasibətinin hər kəsə maraqlı olduğu halda nazirliyin susqunluğu bu sahədə baş verən proseslərə laqeydlikdən xəbər verir. Və elə bu laqeydliyin nəticəsidir ki, təhsilimizdə sualı cavabsız qalan problemlərin sayı ildən-ilə artır. Bu problemlərin ağırlıqlarını isə ölkə vətəndaşları məcburən öz çiyinlərində daşımalı olurlar.

Sevinc PAŞAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*