Həbsdə olan yüksək vəzifəli şəxslərin məhkəməsi nə vaxt olacaq? – ŞƏRHbackend

Həbsdə olan yüksək vəzifəli şəxslərin məhkəməsi nə vaxt olacaq? - ŞƏRH

Dövlət Təhlükəsizliyi Xidməti əməliyyatçılarının qandalladığı sabiq məmurların məhkəməsi 2020-ci ilin payızında olacaq. Ötən ilin dekabrından başlanan əməliyyatlar nazir müavini də daxil olmaqla 10-dək məmurun rüşvət və korrupsiya ittihamı ilə qandallanması ilə nəticələndi.

Gözlənir ki, tutulan məmurlar məhkəməsi qanunun ən sərt tərəfi əsas götürülməklə davam etdirilməli, xalqın kasıb, imkansız təbəqəsinin cibinə əl uzatmış adamlar ən sərt şəkildə cəzalandırılmalıdır.

KONKRET.az xəbər verir ki, Hazırda istintaq altında olan məmurlar sırasında 5 icra başçısı, bir nazir müavin və Mədəıniyyət Nazirliyinin idarə rəisi var.

Həbsə alınan məmurlar İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevdir.

DTX əməliyyatçılarının qandalladığı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbsdədirlər.

Həbsə alınan məmurların ittiham olunduqları maddələr də demək olar ki, üst-üstə düşür. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı…

Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb.

Nəzərə almaq lazımdır ki, həbs olunan icra başçılarının maaşları 880-1045 manat arası dəyişir.

Bundan əlavə, başçıya dövlət hesabına ev, kommunal xidmətlər xərci, xidməti avtomobil, həmin avtomobilin təmir, yanacaq xərcləri və s xərclər üçün də əlavələr verilir, dövlət büdcəsindən ödənilir. Və günlərin birində başçının başı üstündə “qaramaskalılar” peyda olanda üzə çıxanlar göz qamaşdırır.

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin mənzilində aparılmış əməliyyat çəkilişi zamanı təkcə ortalıqda olan avro, dollar, manat bağlamalarını xatırlamaq kifayətdir. Həmin məbləği saymamış da aydın idi ki, İmişlidə ehtiyacı olan hər bir adama 190 deyil, 290 manat da paylasalar, yenə də pul bitib-tükənməzdi.

İqtisadçı alim Qubad İbadoğlu hesablamışdı ki, Vilyam Hacıyevin həbsi zamanı evindən müsadirə edilən maliyyə vəsaitləri 5 milyon manatdan artıqdır. O, başçının həbsi zamanı çəkilərək ictimailəşdirilən fotoları nəzərdən keçirib jurnalistlərə demişdi ki, “əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, orada 2 milyon 480 min dollar, 450 min avro var”.

Ekspert əlavə etmişdi ki, əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə, pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır.

“Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır” deyə, ekspert bildirmişdi.

Daha bir iqtisadçı ekspert Əkrəm Həsənov da deyir ki, bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar istintaq orqanına müraciət etməlidirlər:

“Əgər vətəndaş könüllü şəkildə istintaqa – bu halda Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib – məsələn, Biləsuvarın icra başçısının ondan 10 min manat rüşvət tələb edib aldığını deyirsə, bu halda vətəndaş rüşvət vermə cinayəti ilə əlaqəli məsuliyyətdən azad olunur. Əks halda, yəni bu məsələni istintaq təsbit edərsə, bu halda vətəndaşı da rüşvət verməyə görə cəza gözləyir. Bu baxımdan həbs olunan icra başçılarına məcbur olub rüşvət vermiş vətəndaşlar ləngimədən istintaqa bu haqda xəbər verməlidirlər”.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, həbs olunan icra başçılarının, məmurların üzərinə həbs qoyulan əmlakları haqda məlumatlar ictimailəşdirilməlidir.

Barələrində ittihamedici hökm çıxarılacağı halda, həmin əmlakların şəffaf şəkildə hərracdan satılması üçün ləngidilmədən tədbirlər görülməlidir. Əks halda antikorrupsiya əməliyyatlarından dövlət büdcəsinə daxilolmalar dəfələrlə azala bilər.

Hazırda həbsdə olan məmurları gözləyən cəzalara gəlincə isə onları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*