Heç bir cinayət cəzasız qalmır. Üstündən illər keçsə də gec-tez cinayətkar ədalət qarşısında cavab verir və layiqli cəzasını alır. İkinci Dünya Müharibəsindən sonra Nrünberq məhkəməsində faşistlərin məhkəmə prosesindən 80 ilə yaxın vaxt keçsə də, dünya hələ də həmin məhkəmə prosesini xatırlayır. Yaxud, uzun müddət Cənubi Amerikada gizlənən faşistlərin 60-cı illərdə İsraildə ittiham edilməsi də uzaq tarix deyil.
1988-ci ildən bəri Qarabağda törətdikləri cinayətə görə ittiham edilən ermənilər də Azərbaycanda məhkəmə qarşısına çıxarılıb. İndi onlar Azərbaycanda törətdikləri çox saylı cinayətlərə görə ittiham olunurlar. Fevralın 18-də məhkəmə prosesində sülh və insanlığa qarşı çoxsaylı cinayətlər törətməkdə, hərbi cinayətlər, o cümlədən müharibə, soyqırım, terrorizm, təcavüzkarlıq kimi cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Lyova Mnatsakanyan və başqalarının cinayət işlərinə baxılması davam etdirilib.
KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə hakimlər Camal Ramazanov və Anar Rzayevin (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər birinə danışdıqları dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillər ayrılıb. Məhkəmə iclasında zərərçəkmişlər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər. Proses cinayət işi üzrə ittiham aktının hökm hissəsinin dövlət ittihamını müdafiə edən prokurorların elanı ilə davam edib. Bildirilib ki, 1988-2024-cü illər arasında ümumilikdə 18850 nəfər qəsdən öldürülüb, onlardan 3493-ü mülki, 15357-si isə hərbçi olub. Bundan başqa, müxtəlif dərəcəli bədən xəsarətləri alan 56 268 nəfərin öldürülməsinə cəhd edilib, onlardan 4 435-i mülki, 51 803-ü isə hərbçi olub.
1988-ci ilin fevralından başlayaraq Xankəndi Pedaqoji İnstitutunda çalışan azı 17 professor-müəllim heyəti, o cümlədən ən azı 17 Azərbaycan əsilli tələbə bu təhsil ocağından yalnız milli mənsubiyyətinə görə zorla xaric edilib. 1988-ci il fevralın 21-də, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərarın SSRİ Ali Sovetinə göndərilməsinin ertəsi günü Əsgəran rayonu ərazisində odlu silahlardan aramsız atəş açılmış, nəticədə Xankəndi şəhərinin mülki sakini Əhməd Behmən oğlu qətlə yetirilmişdir. 1988-ci il iyulun 9-da polisə daxil olmuş məlumat əsasında Xankəndi şəhərindəki kondansatör zavodunda kustar üsulla hazırlanmış əl qumbaraları, kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkar edilərək götürülüb.
1988-ci il sentyabrın 20-də Xocavənd rayonunun Günəşli kəndinə odlu silahdan istifadə etməklə basqın nəticəsində bu kəndin mülki sakini Balakişiyev Məhəmmədəli Qəhrəman oğlu qəsdən qətlə yetirilib.
1988-ci ilin sentyabrında Qarabağ ipək kombinatında çalışan azərbaycanlıların hüquqları pozulub və onlar iş yerlərindən qovulublar.
1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində minaatan mərmisinin partlaması nəticəsində azərbaycanlı jurnalist Çingiz Fuad oğlu Mustafayev qəsdən öldürülüb.
2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mühafizə olunmayan ərazilər, yaşayış massivləri və dinc sakinlər atəşə tutulub.
Nəticədə rayon sakini Sahibə İdris qızı Allahverdiyeva və 1 yaşlı Zəhra Elnur qızı Quliyeva həlak olub.
2020-ci il iyulun 14-də Ermənistan Respublikasının Tavuş rayonunun Berd rayonunun Movses kəndi ərazisindəki mövqelərdən Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən hərbi hissəsinin mövqelərini iriçaplı artilleriya silahlarından atəşə tutması nəticəsində Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən hərbi hissəsinin döyüş postunu, general-mayor Polad Həşimov, polkovnik N.Novruzov və digərləri qəsdən öldürülüb.
1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək müxtəlif silahlardan, artilleriya qurğularından və raketlərdən atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin arsenalının 908 milyon manatdan artıq hərbi əmlakı məhv edilib, yararsız hala salınıb və ya zəbt edilib.
Birinci Qarabağ müharibəsi zamanı, sonrakı illərdə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki infrastrukturuna ümumilikdə 5,2 milyard manatdan çox maddi ziyan dəyib.
2001-ci ilin əvvəlindən 2021-ci ilin may ayının sonuna kimi Rusiyadan Ermənistana, oradan isə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq aşağıdakı silah növləri daşınıb: “İsgəndər-M” ballistik raketi, “Toçka-U” taktiki raket kompleksi, 9K33 raket əleyhinə raket kompleksi, “S.8 merch” və “TOS-1A Solntsepyok” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, “Konkurs” və “Kornet” tank əleyhinə idarə olunan raketləri, “RPQ-26” qumbaraatanları, habelə Azərbaycana qarşı müharibədə istifadə edilmiş digər iriçaplı odlu silahlar, onların komponentləri, döyüş sursatı, partlayıcı maddələr və qurğular.
Təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələrinə 100 milyard manatdan çox maddi ziyan dəymişdir. Bununla ittiham aktının qərar hissəsinin oxunuşu yekunlaşır. Zeynal Ağayev təqsirləndirilən Arayik Arutyunyan və Arkadi Qukasyana onlara qarşı irəli sürülən ittihamların mahiyyətini, bu əməllərə görə nəzərdə tutulan cəzanı, habelə hüquqlarını izah edib. Daha sonra hakim təqsirləndirilən şəxslərdən günahlarını etiraf edib-etmədiklərini soruşub. Arayik Arutyunyan və Arkadi Qukasyan məhkəmədən vəkilləri ilə görüş keçirməyi xahiş ediblər, bundan sonra sualları cavablandıracaqlarını bildiriblər. Növbəti məhkəmə iclası fevralın 20-nə təyin edilib. İclasda təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın mahiyyəti və bu əməllərə görə nəzərdə tutulmuş cəzanın izahı davam etdiriləcək. Təqsirləndirilən şəxslərdən ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələri də soruşulacaq.
Vəli Həsənoğlu,
KONKRET.az