Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? – RƏSMİbackend

Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - RƏSMİ

“Qobudakı Ailə Sağlamlıq Xəstəxanasının terapevti 8 gündür yataq xəstəsinə baxmaq üçün çağırışlara cavab vermir. Telefonda məlumat verirlər ki, guya baxılır”.

KONKRET.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya müayinəyə ehtiyacı olduğu deyilən vətəndaş Nəzakət Əliyevanın oğlu Rauf Mirzəyev müraciət edib.

Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Heydərov küçəsi 14-dəki həyət evində yaşayan vətəndaş deyir ki, anası yataq xəstəsidir, yüksək təzyiqi və şəkəri var: “73 yaşlı xəstəmizə baxan yoxdur. Ailə sağlamlıq məntəqəsinin həkimi Könül Ələsgərova bildirir ki, yalnız ödənişli xidmət göstərir. 30 AZN ödəniş etsəm, evə gələrək baxacağını deyir. Mənim xəstəmə hər gün baxılmalı olduğu halda, bu məbləği hər gün ödəməli olmağım tələb olunur. Həkim açıq şəkildə “Mən heç kimdən qorxmuram, gəlib baxmıram, baxmayacağam. Xəstə ölür-ölsün, qalır-qalsın, mənə maraqlı deyil” sözlərini işlədib. Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoruna da məlumat vermişəm, lakin heç bir tədbir görülməyib”.

Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Vətəndaş Rauf Mirzəyev 02.08.2025-ci il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun qəbulunda olub. 04.08.2025-ci il tarixində yaşadığı ünvana edilən ev ziyarəti zamanı qapı açılmadığından pasiyentin müayinəsi mümkün olmayıb.

05.08.2025-ci il tarixində vətəndaş təkrar ev şəraitində müayinə edilib və şəkərli diabet xəstəsi olması nəzərə alınaraq ona həkim-endokrinoloqun müayinəsi tövsiyə edilib. Lakin o, tibb müəssisəsinə müraciət etməkdən imtina edib. Bu barədə müvafiq qeyd pasiyentin tibbi kartına daxil edilib.

08.08.2025-ci il tarixində növbəti ev ziyarəti zamanı pasiyent yenidən müayinə olunub və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib. Sonuncu müayinədə arterial təzyiqin yüksək olduğu, insulinin vaxtında vurulmadığı müəyyən edilib. Həkim tərəfindən bu hallarla bağlı vətəndaşa zəruri tibbi tövsiyələr verilərək dərman vasitələrinin düzgün saxlanma şəraiti və ümumilikdə diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*