Prezident İlham Əliyev “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
KONKRET.az-ın məlumatına görə, sənəd aşağıdakı redaksiyada verilir:
Peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq);
Həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində.
Bundan əvvəl isə müavinətlər aşağıdakı qaydada verilirdi:
Peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat;
Peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat;
Peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat;
Peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat;
Həlak olduqda – 77 manat.
“Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilib.
Fərmanın aşağıdakı hallarda tətbiq edilmir:
2022-ci il yanvarın 1-dək özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə təyin olunmuş müavinətlərin məbləğinin 2022-ci il yanvarın 1-dən əvvəlki dövr üçün yenidən hesablanması zamanı;
2022-ci il yanvarın 1-dən sonra bu Fərmanın 2.1-ci bəndində göstərilən şəxslərə 2022-ci il yanvarın 1-dən əvvəlki dövr üçün müavinət təyin edilməsi zamanı.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.