Alimlər ilk dəfə Günəşin ən xarici təbəqəsində “yağışa bənzər” plazma axınlarını müşahidə ediblər.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu qeyri-adi hadisə ABŞ-dəkı “Big Bear” Günəş Rəsədxanasında yerləşən “Goode” Günəş Teleskopu vasitəsilə qeydə alınıb.
Ekspertlərin sözlərinə görə, Günəşin koronasındakı bu plazma yağıntısı ulduzun böyük atmosfer qatlarında baş verən kondensasiya prosesləri nəticəsində yaranır. Belə ki, yüksək temperaturda olan plazma soyuyaraq, təkcə səthə doğru axmaqla qalmır, həm də onun dinamikası və strukturu haqqında dəyərli məlumatlar verir.
Teleskopda istifadə edilən yeni adaptiv optik sistem isə Yer atmosferindən gələn görüntü pozuntularını uğurla aradan qaldıraraq, alimlərə Günəş koronasının ən incə detalları təxminən 63 kilometr ölçüsündə olan strukturları yüksək dəqiqliklə görmək imkanı yaradıb. Bu isə, günəş fizikası sahəsində böyük bir irəliləyiş hesab olunur, çünki korona təbəqəsinin xüsusiyyətləri hələ də tam anlaşılan deyil.
Maraqlıdır ki, Günəşin korona təbəqəsi, ulduzun səthindən qat-qat daha isti olaraq qalır və bu fenomen elm adamları üçün uzun illərdir ki, böyük sirr olaraq qalır. Bu yeni müşahidələr həmin sirlərin açılmasına doğru mühüm addım kimi qiymətləndirilir və gələcək tədqiqatlara yeni perspektivlər açır.