Redaksiyamıza müraciət edən tələbələr semestr imtahanları ilə bağlı vahid sistemin olmamasından şikayətlənib. Belə ki, ali məktəblərin bəzilərində tələbələrin biliyi test üsulu, digərlərində isə yazılı şəkildə qiymətləndirilir.
KONKRET.az-ın “semestr imtahanları niyə vahid imtahan sistemi üzrə aparılmır?” sualını Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən cavablandırıblar. Bildirilib ki, ali təhsil müəssisələri qanunvericilik çərçivəsində tədris qaydalarını müəyyən etməkdə müstəqilliyə malikdir.
Təhsil eksperti Elçin Əfəndi də agentliyin mövqeyini bölüşür. O, saytımıza açıqlamasında bildirib ki, “Ali təhsil haqqında” Qanun layihəsi qəbul olunmadığı üçün ali məktəblər öz daxili qaydaları əsasında hərəkət edirlər:
“Hər universitetinin Elmi Şurası imtahanın formatı barədə qərar qəbul edir. Bu, ya müasir dövrə uyğun olaraq test üsülu, ya da yazılı şəkildə həyata keçirilir”.
Onun sözlərinə görə, bir neçə il əvvəl Bakı Dövlət Universitetində semestr imtahanları test üsulu ilə keçirilib. Lakin neqativ hallar aşkarlandığından, test üsulu ləqv edilib və keçmiş formata qayıdılıb.
“Əlbəttə, könül istərdi ki, istər test üsulunda, istər yazılı şəkildə verilən imtahanlarda obyektiv qiymətləndirilmə olsun. Tələbələrin haqqı pozulmamalıdır. Əgər tələbələrin haqqı pozulursa, o zaman başqa imtahan üsuluna keçmək universitetin səlahiyyətində olan məsələdir”.
Ekspert hesab edir ki, bu məsələ Milli Məclisdə “Ali Təhsil haqqında” qanunun qəbulundan sonra tənzimlənəcək.
Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib. Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb, işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib.
Xatirə SADİQ,
KONKRET.az