Xəbər verdiyimiz kimi yanvarın 1-dən Gürcüstanda məcburi hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qanunvericiliyə əsasən, çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılan hərbi xidmət çərçivəsində xidmətə göndəriləcəklər.
Belə ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək. Bununla yanaşı, çağırışçılar özləri üçün uyğun olan 3 xidmət növündən birini seçə bilərlər. Belə ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi almaq və müəyyən ixtisas üzrə xidmət isə 11 aydan ibarət olacaq.
Çağırış il ərzində mərhələli qaydada baş tutacaq. Eyni zamanda, çağırışçılar məzuniyyət və istirahət günləri ilə də təmin ediləcəklər.
Bəs oxşar qaydalar ölkəmizdə də tətbiq oluna bilərmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkil Arzuxan Əlizadə deyib ki, hərbi çağırışla bağlı ötən ilin sonunda qanunvericiliyə müəyən dəyişikliklər edilib:
“Hərbi çağırışın son yaş həddi 35-dən 30-a endirildi. Digər məsələlərlə bağlı təkliflər də var idi. Və həmin təkliflər içərisində müddətli hərbi xidmət dövrünün ali təhsili olmayanlar üçün 1.6 ildən 1 ilə endirilməsi, ali təhsillilər üçünsə hərbi xidmət dövrünün 1 ildən aşağı salınması və eləcə də alternativ hərbi xidmətin təşkili ilə bağlı təkliflər oldu. Lakin müəyyən səbəblərə görə bu təkliflər qanunvericilikdə təsbit olunmadı. Yəqin ki, səsləndirilən təkliflər və digər məsələlər gələcəkdə qanunvericilikdə öz əksini tapacaq”.
Müsahibimiz Gürcüstan hökumətinin qərarına münasibət bildirib:
“Hərbi xidmətkeçmə ilə bağlı hər bir ölkənin öz yanaşması var. Hər kəs reallıqdan çıxış edərək müvafiq addımlar atır. Bu mənada Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, regionda gərginlik qalmaqdadır. Bu və digər səbəblərə görə səsləndirilən müxtəlif fikirlər və xüsusən də, alternativ hərbi xidmətkeçmə ilə bağlı dəyişikliklər hələki nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, yaxın gələcəkdə hərbi xidmətkeçmə ilə bağlı hər hansı bir dəyişiklik olmayacaq. Xeyr! Reallıqlar və müasir çağırışlar hər an bu və digər qərarların qəbulunu zərurətə çevirə bilər”.
“Gürcüstanın qəbul etdiyi qərarın bizdə də tətbiqi hazırda aktual deyil”
Mövzu ilə bağlı Millət vəkili Elşad Musayevsə qeyd edib ki, Azərbaycan ordusunun peşəkar orduya keçirilməsi üçün son zamanlar ciddi işlər görülür:
“Bunun təzahürüdür ki, bu yaxınlarda hərbi çağırışla bağlı vacib qərarlar verildi. Çağırış yaşı 35-dən 30-a endirildi. Hesab edirəm ki, yaxın gələcəkdə bu yaş həddi 27-ə endiriləcək. Nəzərə alaq ki, əvvəllər də belə idi. Ona görə də Gürcüstanın qəbul etdiyi müvafiq qərarın bizdə də tətbiqi bu günümüz üçün aktual deyil.
Doğrudur, gürcülərin verdikləri qərarda bəzi maraqlı məqamlar var. Məsələn, möhlət hüququnun rəsmi ödənişlə verilməsi və s. Nəzərə alaq ki, hərbi xidmətdən imtina əvəzində bir çox ölkələrdə ödənişlər nəzərdə tutulur. Türkiyədə də belə bir qərar qüvvədədir.
Nəzərə alaq ki, Ermənistanla hələki sülh sazişi imzalanmayıb. Bu da o deməkdir ki, ölkəmizə qarşı müharibə təhdidi qalır. Hələ ki, 5 kəndimiz işğal altındadır. Bütün bunları nəzərə alaraq sonuncu dəfə parlamentdə belə qərar verildi ki, hərbi çağırışda bəzi islahatların aparılmasına getmək hələ tezdir”.