“Suriya ilə Azərbaycan arasında mühüm bir diplomatik yenilik ola bilər. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandıra bilərik. Məlum olduğu kimi, Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin nəşinin Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik münasibətlərin inkişafı üçün müsbət addım ola bilər. Yeri gəlmişkən, Şamaxıdakı yeni məqbərə Nəsiminin məzarı üçün uyğundur.”
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, həmin ideyanı 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü barədə yazdığım digər təhlildə də geniş şəkildə şərh etmişdim.
Sitat:
“Əvvəllər də qeyd etdiyim kimi, Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandırmaq mümkündür. Məlum olduğu kimi, Hələbdə vəfat etdiyi bilinən Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik əlaqələrin inkişafına ciddi töhfə verə bilər”.
Və bu gün, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə gətirilməsi ilə bağlı artıq Suriya tərəfi ilə ilkin təmaslara başlayıb. Rəsmi olaraq bu barədə Dəməşqə məlumat verilib.
İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərində yerləşir. O, 1417-ci ildə bu şəhərdə edam edilib. Neçə illərdir davam edən hərbi münaqişə nəticəsində Hələb şəhərində ciddi dağıntılar meydana gəlib və nəticədə Nəsiminin məzarı da zərər görüb.
İmadəddin Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi həm tarixi hadisə olacaq, həm də Prezident İlham Əliyevin növbəti dəfə bir ata nəsihətini yerinə yetirməsi mənasına gələcək. Belə ki, 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi kimi Ulu Öndər Heydər Əliyev Suriya Ərəb Respublikasına rəsmi səfər edib. Bu səfər zamanı Heydər Əliyev Hələb şəhərində yerləşən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını ziyarət etmişdi.
Onun Suriyada yerləşən məzarının illərlə baxımsız və unudulmuş vəziyyətdə qalması, əslində, həmin dövrdə nəinki Azərbaycanda, ümumən SSRİ məkanında milli-mədəni irsə münasibətin hansı durumda olduğunu göstərirdi. Məhz bu səbəbdən Heydər Əliyevin səfəri zamanı Nəsiminin məzarına baş çəkməsi və onun abadlaşdırılması üçün konkret göstərişlər verməsi tarixi əhəmiyyət daşıyırdı.
Sovet dövründə belə bir məsələnin aktuallaşdırılması və həyata keçirilməsi yalnız mədəni təşəbbüs deyildi, eyni zamanda milli ruhun dirçəldilməsi istiqamətində atılmış cəsarətli bir addım idi. Heydər Əliyev hələ o illərdə milli-mənəvi irsimizin beynəlxalq miqyasda tanıdılması və qorunmasına yönəlmiş uzaqgörən siyasət yürüdürdü. Onun təşəbbüsü ilə Nəsiminin məzarı səliqəyə salındı, ətraf ərazilər abadlaşdırıldı və bu böyük söz ustadına layiq bir abidə mühiti yaradıldı.
Ulu Öndərin Nəsiminin məzarını bərpa etdirməsi başlı-başına cəsarətli bir addım olsa da, onun məzarını Azərbaycana gətirmək mümkün olmamışdı. Lakin bu tarixi missiyanı Prezident İlham Əliyev yerinə yetirə bilər. Ümumiyyətlə, prosesin ilk siqnalı 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi ilə verilmişdi. Bu yubiley ili çərçivəsində ən önəmli və davamlı layihələrdən biri də Nəsiminin doğulduğu Şamaxıda onun xatirəsinə ucaldılan möhtəşəm məqbərə oldu.
İstisna deyil ki, Nəsiminin qalıqları Azərbaycana gətiriləcək. Güman ki, onun nəşi Şamaxıdakı yeni məqbərədə dəfn ediləcək. Bununla da Prezident İlham Əliyev növbəti bir ata vəsiyyətini yerinə yetirmiş olacaq.