HƏYƏCAN TƏBİLİ: “Xəzər dənizinin bu sürətlə quruması geosiyasi vəziyyətə dağıdıcı təsir göstərəcək”backend

HƏYƏCAN TƏBİLİ: "Xəzər dənizinin bu sürətlə quruması geosiyasi vəziyyətə dağıdıcı təsir göstərəcək"

Ekspertlər son illərdə Xəzər dənizində Aral dənizinin qurumasına bənzər yeni ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edir. Bunun mühüm səbəblərindən biri də Ural çayının suyunun ildən-ilə azalmasıdır. 

Professor Abdulvahap Kara 

KONKRET.az xəbər verir ki, professor Abdulvahab Kara bununla bağlı həyəcan təbili çalır. O dərc etdirdiyi məqalədə vurğulayır ki, Ural çayında suyun səviyyəsinin azalmasını tezliklə aradan qaldırmaq lazımdır. Əks təqdirdə regionu ciddi fəlakətlər gözləyir. Məqalədə deyilir: “Ural çayı Rusiya və Qazaxıstan ərazisindən keçərək Xəzərə çatır. Mənbəsini Başqırdıstanın Nəcim dağının bulaqlarından götürmüş çay Rusiyanın Çelyabinsk, Orenburq və Qazaxıstanın Atırau vilayətlərindən keçərək 2543 km yol qət edir. Uzunluğuna görə Ural Avropanın üçüncü ən böyük çayıdır.

1980-ci illərin ikinci yarısından etibarən mütəxəssislər Uralda suyun səviyyəsinin azalması barədə xəbərdarlıq etməyə başladılar. 2018-ci ildən etibarən ekoloqlar bu xəbərdarlıqlarla birlikdə “fəlakət” sözünü tez-tez istifadə edirlər.

Rusiyanın Orenburq şəhərində yaşayan, dünyanın aparıcı mütəxəssislərindən biri olan Aleksandr Çibilev 1980-ci illərdə Ural çayını tədqiq etməyə başlayıb və bu mövzuda çoxlu elmi məqalələr dərc etdirib.

Onun sözlərinə görə, Uralın dayazlaşması ilk dəfə 1970-ci illərdə müşahidə olunub. Bu, su elektrik stansiyalarının və yuxarı axınında böyük su anbarlarının tikintisinin başlanması ilə üst-üstə düşür. Bu gün Ural hövzəsində 19 bənd və böyük su anbarları tikilib. Onların hamısı Rusiyanın ərazisində, Orenburq və Çelyabinsk vilayətlərində yerləşir. Ümumilikdə Ural çayının 58 qolu var. Bu qolların ən böyüyü Sakmara, Elek və Çağandır. Yuxarı Uralda İriklinski su anbarının tikintisindən bəri çay suyunun 80%-i Sakmaradan gəlir.

Bundan başqa, 1970-ci illərdə Ural hövzəsində yeni kənd təsərrüfatı və sənaye müəssisələrinin fəaliyyəti intensivləşdi. Sovet standartları ilə çox yüksək inkişaf tempinə malik olan tərəvəzçilik, meyvəçilik və heyvandarlıq təsərrüfatlarının inkişafı daha çox sudan istifadəni tələb edirdi. Bunlarla yanaşı, kontinental iqlim dəyişikliyi, dünyada qlobal istiləşmə çayın suyuna mənfi təsir göstərdi.

Okean və dənizlərlə əlaqəsi olmayan Xəzər dənizi ildə 7 sm kiçilir. Dənizin şimal hissəsi isə hazırda cəmi 4-6 metr dərinlikdədir. Uzun illər dənizin bu hissəsi balıq və kürü ovlayan sahil sakinlərinin dolanışıq mənbəyi olub. Bu ərazi çəhrayı flaminqo kimi köçəri quşlarla yanaşı, nərə və digər balıqların kürü tökmə yeri olub. Şimali Xəzərin suyunun dayazlaşması artıq nəsli kəsilməkdə olan Xəzər suitilərinin daxil olduğu bu unikal ekosistemin yox olmaq təhlükəsi yaradır.

Araşdırmalar göstərir ki, lazımi tədqiqatlar aparılmasa, Xəzər dənizi bu əsrin sonuna kimi 9-18 metr aşağı düşərək səthinin 25-30%-ni itirə bilər. Dəniz səviyyəsinin aşağı düşməsi təkcə qonşu ölkələrin ətraf mühitinə və iqtisadiyyatına deyil, həm də geosiyasi vəziyyətə dağıdıcı təsir göstərəcək. Problemə məhəl qoymamaq, şübhəsiz ki, Aral dənizinə bənzər ekoloji fəlakətə səbəb ola bilər.

Rusiya və Qazaxıstan birlikdə Ural çayının fəlakətli vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırlar. Ölkənin transsərhəd təbii sərvətlərinin birgə istifadəsi və mühafizəsi haqqında ilk Rusiya-Qazaxıstan sazişi 1992-ci ildə imzalanıb. Daha sonra hökumətlərarası komissiya da yaradıldı. Həmçinin 2018-ci ildə Rusiya-Qazaxıstan Komissiyasının iclası keçirilib, burada praktiki ekoloji işin aspektləri əhəmiyyətli dərəcədə müzakirə edilib. 2019-cu ilin iyununda Beynəlxalq Ətraf Mühit Forumunda Uralın mühafizəsi üzrə ikitərəfli hökumətlərarası qurumun yaradılması qərara alınıb. Ural ekosisteminin bərpası üçün müfəssəl proqram hazırlanmış, bu proqram çərçivəsində konkret tədbirlər planı və yol xəritəsi təsdiq edilib, işçi qrupu yaradılıb. Lakin indiyədək aktual problemlərin həlli üçün konkret addımlar atılmayıb. 2022-ci il iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 6-cı Xəzər Sammitindəki çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ural çayının vəziyyətinin yaxşılaşdırılması üçün birgə fəaliyyət planının hazırlanması səylərində iştirak etməyə çağırıb”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*