Hikmət Hacızadə: “Nəhayət ki, ABŞ-da bir ”dəli” prezident tapıldı və bunu etdi”backend

Hikmət Hacızadə: “Nəhayət ki, ABŞ-da bir ”dəli" prezident tapıldı və bunu etdi"

“Silah onların milli mentalitetidir”

“Ağ Ev” sahibinin miqrantlarla bağlı ifadələri silsilə cinayətlərin törədilməsini alovlandırıb, Vaşinqtonda türk jurnalist sirləri açıb

Sabiq vitse-prezident Co Bayden prezident Donald Trampı sərt tənqid edərək onun Amerikaya rəhbərlik etmək üçün mənəvi avtoritetə malik olmadığını bildirib.

Ayovada seçicilər qarşısında çıxış edən Bayden Trampın ritorikası ilə ötən həftəsonu El Paso şəhərində baş verən qətliam arasında əlaqə olduğuna eyham vurub.

Onun sözlərinə görə, respublikaçı prezidentin mühacirlərlə bağlı işlətdiyi ifadələr ölkədə parçalanmanı dərinləşdirməyə xidmət göstərib. Bayden Tramp administrasiyasının Federal Təhqiqatlar Bürosunun bu yaxınlarda irqçi qruplardan qaynaqlanan terror təhlükəsi barədə xəbərdarlığını qulaqardına vurduğunu bildirib.

Yada salaq ki, Texasın El-Paso şəhərində 22 nəfər,  Ohayo ştatının Dayton şəhərində 9 nəfər silahlı hücumçu tərəfindən öldürülüb. El Pasoda Walmart mağazasında əsasən ispandilliləri hədəf alan 21 yaşlı Patrik Krusus hücumdan öncə irqlərin qarışması barədə tənqidi mesajlar yayıb.

Birləşmiş Ştatlarda odlu silahla hücumların törədilməsindən sonra reaksiya verən Tramp “ağların üstünlüyü” nəzəriyyəsini açıq şəkildə qınayıb və silah alışı zamanı ciddi yoxlanmaya çağıraraq, təcili fəaliyyət göstərməyə söz verib.

Bununla belə, ABŞ prezidenti silahlara nəzarətə dair qanun layihəsinə dəstək bildirməyib. Tramp onun mühacirət əleyhinə ritorikasını qınayanlara cavab verməyib.

Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, hər ABŞ prezidentinin dövründə ənənəvi olaraq belə hadisələr baş verir. Onun fikrincə, fərq ondadır ki, bu dəfə Tramp alovun üstünə yağ töküb. Analitik bu baxımdan ABŞ prezidentinin qətllərin böyüməsində günahı olduğunu düşünür: “Amerikada silah alışı çox asandır. Bu gün müasir, hərbdə istifadə edilən silahlar amerikalılar tərəfindən alınır. Ona görə istənilən faşist, dəli, psixikası pozulmuş birisi rahat şəkildə silah alaraq univermağa və ya hansısa binaya hücum edir”.

H.Hacızadənin dediyinə görə, ABŞ-da hadisələrin kökündə duran məhz silah məsələsidir: “Onlar hesab edir ki, insan silahlı olmalıdır, özünü müdafiə etməlidir, hətta polis evinə gəlsə özünü ondan qorumalıdır. Yəni amerikalıların milli mentalitetidir və ən çox ”ağ amerikalılar” arasında yayılmış ənənədir. İndi bu məsələni kökündən ləğv etmək çətindir. Onların lobbisi, konqresmeni, senatı var. Və qorxurlar ki, silah alışı azalsa, Amerika dişsiz cəmiyyətə çevrilə bilər. Çünki “ağ amerikalı” kovboy kimi cəngavərdir.  O, özünü hökumətsiz, polissiz müdafiə etməlidir. Belə desək, silah ABŞ-da milli ideyanın əsasıdır. O baxımdan silahları xalqdan almaq çətindir. Sadəcə, müəyyən qədər nəzarəti gücləndirmək mümkündür, məsələn, şübhəli adamlara, kriminal keçmişi olanlara silah satılmaya bilər”.

Politoloq bildirir ki, ABŞ-da onların silah assosiyasiyası var: “Milyonlarla üzvü ora pul verir və maraqlısı da odur ki, Trampa səs verənlər onlardır”.

H.Hacızadə qətlləri terror kimi qiymətləndirmir: “Cinayəti törədənlərdən biri öz bacısını vurub. Bu, terror deyil. Amma kriminogen vəziyyətin nəzarətdən kənarda olduğunu söyləyə bilərik. Sadəcə, deyirlər ki, biz buna dözərik, təki Amerikada dişsiz cəmiyyət olmasın.

Çünki oğru mənzilə girməyə cəsarət eləmir, bilir ki, ev sahibində silah var, polis evdə əsassız axtarış apara bilməz, mənzil sahibi silah gəzdirir”.

Ekspert Co Baydenin müxalifət partiyasının mövqeyini ifadə etdiyini xatırlatdı:  “Trampın miqrantlarla bağlı davranışı kiməsə qəddarlıq gəlir. Amma yüz minlərlə adam sənədsiz sərhədi keçir. Obama bu problemlə bağlı heç nə etmədi.  Amma nəhayət ki, bir ”dəli” prezident tapıldı və bunu etdi. Maraqlıdır ki, o miqrantlar vətəndaşlıq alandan sonra seçkidə demokratlara səs verirlər.  Ona görə latın amerikalılar canfəşanlıq edir. Respublikaçılara isə işləyən, imkanı olan, ağ adamlar səs verirlər. Onlar deyirlər ki, Amerikanı tikmişik, şəhərləri, yolları salmışıq. Bu mənada respublikaçıların öz həqiqəti var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*