Hindistanın Müdafiə Qərargah rəisi, general Anil Çauhan Reuters agentliyinə verdiyi açıqlamada ölkəsinin Pakistanla mayın əvvəlində başlayan münaqişənin ilk günü havada itkilər verdiyini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, o, itirilən döyüş təyyarələrinin sayını açıqlamasa da, bu faktın ölkənin hərbi strategiyasında dəyişikliklərə səbəb olduğunu bildirib.
General Çauhan qeyd edib ki, Hindistan bu itkilərdən dərhal sonra taktikasını yeniləyib və mayın 7-si, 8-i və 10-da daha çox döyüş təyyarəsi ilə Pakistanın dərinliyindəki aviabazalara zərbələr endirib. Onun sözlərinə görə, Hindistan bu hücumlarla Pakistanın hava hücumundan müdafiə sistemlərini yararaq ciddi üstünlük qazanıb.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif daha əvvəl Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı təyyarənin vurulduğunu açıqlamışdı. Lakin Hindistan rəsmiləri bu rəqəmi təsdiqləməyib.
Natiq Səlim,
KONKRET.az