Böyük Britaniyada güclü küləklər Milad öncəsi milyonlarla insanın səfərlərini çətinləşdirərək bir sıra nəqliyyat problemlərinə səbəb olub.
KONKRET.az xəbər verir ki, Hitrou hava limanı bazar günü təxminən 100 uçuşun ləğv edildiyini açıqlayıb və sərnişinlərə yola düşməzdən əvvəl öz aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə edilib. Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal və qərb hissələrində güclü külək səbəbindən sarı hava xəbərdarlıqları saat 21:00-dək qüvvədədir.
Səyahət üzrə ekspert Saymon Kalder “BBC” kanalına bildirib ki, Hitroudakı 100 uçuşun ləğvi əhəmiyyətli bir rəqəmdir və adi bir bazar günü ilə müqayisədə çox yüksəkdir.
Onun sözlərinə görə, uçuşların ləğvi yüksək külək sürəti səbəbindən baş verib.
“Ləğv edilən 100 uçuşun təxminən 80-i “British Airways” şirkətinə məxsusdur. Bu vəziyyətin ümumilikdə 15 min sərnişinə təsir göstərə biləcəyi təxmin edilib”, – deyə o bildirib.
KONKRET.az