İcra Hakimiyyətindən intihara cəhd edən qazinin iddialarına MÜNASİBƏTbackend

İcra Hakimiyyətindən intihara cəhd edən qazinin iddialarına MÜNASİBƏT

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Vətən müharibəsi qazisi Bəhram Nuriyev feysbuk səhifəsində canlı yayım açaraq intihara cəhd edib. 
KONKRET.az bildirir ki, qazi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirib və hazırda orada müalicə alır.
B. Nuriyev bundan öncə sosial şəbəkə hesabında yazdığı statuslarında qeyd edib ki, yardım və ya maddi köməklik istəmir. O, yaşadığı Qəbələ rayonunun İcra Hakimiyyətinə müraciət edib: “Sadəcə gəlin, arada bir maraqlanın görək Vətən uğrunda sağlamlığını itirənlər necə yaşayır?! Elə də çox uzaq məsafə deyil şəhərdən…”
Digər bir statusunda isə qazi müharibədən sağ çıxdığı üçün dediyi qurbanlıq qoyunu 9 aydır hələ də ala bilmədiyini yazıb.
Qazinin sadaladığı məsələlərlə bağlı qafqazinfo Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Allahverdiyev indiyə qədər Bəhram Nuriyevlə dəfələrlə görüşüb köməklik göstərdiklərini bildirib:
“Bizim şöbə müdiri bayramlarda onun evində olub, sovqat aparılıb və özü ilə söhbətləşib. Dünən də həm evinə sovqat aparılıb, həm də medalı təqdim olunub. Qazimizin özü ilə bir neçə dəfə görüşmüşük və müalicəyə ehtiyacının olub-olmamasını soruşmuşuq. Deyib ki, bizim heç nəyə ehtiyacımız yoxdur. Bizim rayonun təşəbbüsü ilə Qəbələyə həkimlər gətirilmişdi və hotelə yerləşdirilərək 10 gün ərzində qazilərimizi müalicə elədilər. Əgər psixoloji probleminin olduğunu bilsəydik, onu da ora cəlb edərdik. Onun həmişə bizim gözümüz üstündə yeri olub. İşimizin adı nədir?! Qazilərimizə, şəhid ailələrinə qulluq etməkdir”.
Adıçəkilən qazi eyni zamanda, aidiyyəti qurumların səhhəti ilə bağlı doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın düzgün olmadığını iddia edir. B. Nuriyevin sözügedən iddiaları ilə bağlı da sayt İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumdan gün ərzində cavab veriləcəyi bildirilib..
Qeyd edək ki, Bəhram Nuriyev 1990-cı ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olub. O, Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Şuşanın azad olunmasına görə” medalı iə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*