İdlibdə Türkiyənin stavkaları hansılardır? – “Financial Times”backend

İdlibdə Türkiyənin stavkaları hansılardır? - “Financial Times”

Türkiyə prezidentinin indi yaxşı variantları yoxdur. Suriya və Rusiya ilə münaqişənin qızışması və yeni qaçqın dalğasının yaranması riski var. Bəs Ərdoğan Suriyada nə istəyir? Türkiyənin bu müharibədə məqsədləri çoxdur və bəziləri bir-birinə ziddir. Hazırkı qarşıdurmanın nəticəsi necə olacaq?

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşrinin ekspertləri bu suallara cavab verməyə çalışırlar.

Prezident Ərdoğan Suriyada artıq 9 ildir davam edən müharibəyə daha çox cəlb olunmaq riski ilə üzləşir

Ərdoğan fevralın sonunadək Suriya silahlı qüvvələrinin müharibədə dağıdılmış İdlib əyalətinin bəzi rayonlarından çıxarılması üçün vaxt qoyub. Bu isə o deməkdir ki, Türkiyə  öz qonşusunun ərazisində doqquz ildən bəri davam edən müharibəyə cəlb edilir.

“Biz istənilən halda Suriya rejimini müəyyən etdiyimiz sərhədlərədək geri çəkəcəyik və insanların evlərinə qayıtmasına imkan verəcəyik”, — deyə Ərdoğan çərşənbə günü bildirib. Suriyanın İdlib əyalətində son bir neçə həftə ərzində prezident Bəşər əl-Əsədə sadiq olan silahlı qüvvələr qiyamçıların nəzarətində olan torpaqları geri qaytarmaq üçün səylərini artırdığı bir vaxtda daha çox türk əsgəri öldürüldü.

Ərdoğan cavab olaraq hərbi mövcudluğunu gücləndirdi və cavab zərbəsi endirəcəyinə söz verdi. Suriya və Rusiya ilə münaqişənin qızışması riskini nəzərə alsaq, Türkiyə prezidentinin yeni qaçqın dalğasının meydana çıxmasını əngəlləmək üçün variantları çox azdır.

Bəs Ərdoğan Suriyada nə istəyir?

Doqquz ilə yaxın davam edən vətəndaş müharibəsində Türkiyənin bir çox məqsədləri var və onların bəziləri bir-birinə ziddir.

2011-ci ildə Ərdoğan bütün Yaxın Şərqdə yayılmış ərəb üsyanlarını dəstəkləmiş, Əsədi devirmək istəyən Suriya üsyançılarına yardım göstərmişdir.

Bir neçə il silahlı mübarizədən sonra Ərdoğan hələ də Suriya müxalifətinin qalıqlarını dəstəkləmək istəyir, lakin Suriyadakı kürd qruplaşmalarının Şimal-Şərqi Suriyanın böyük hissəsinin nəzarətindəki ərazini məhdudlaşdırmağa çalışır.

Türkiyənin ən təcili prioriteti qaçqınların Türkiyə-Suriya sərhədini keçməsinin qarşısını almaqdan ibarətdir. İdlib əyalətində Suriya rejiminin hücumu 2011-ci ildə münaqişənin başlandığı andan əhalinin ən böyük yerdəyişməsinə gətirib çıxardı. BMT – nin məlumatına görə, ölkənin 948 min sakini təxminən üç ay ərzində evlərini tərk etmək məcburiyyətində qalıb.

İdlib əyaləti ilə həmsərhəd olan Türkiyə artıq öz ərazisində 3,6 milyon Suriyalını yerləşdirib, Türkiyə sakinlərinin narazılığının artması isə Ərdoğanı ölkəsinin əlavə sayda insan qəbul etmək iqtidarında olmadığını bəyan etməyə məcbur edib.

Bu yaxınlarda Türkiyə hücuma necə cavab verdi?

2018-ci ildə Soçidə İdlibdə atəşkəslə bağlı əldə edilən razılaşmasının pozulması ilə bağlı ötən ay Ərdoğan Moskva və Dəməşqə getdikcə daha kəskin xəbərdarlıqlar göndərib.

Fevralın əvvəlində səkkiz türk əsgəri Suriya rejiminin silahlı qüvvələrinin hücumları nəticəsində öldürüldü və o zaman Türkiyə Prezidenti cavab zərbəsi endirməyi əmr etdi, həmçinin Türkiyənin Soçi sövdələşməsinin reallaşdırılması çərçivəsində 12 müşahidə məntəqəsi təşkil etmək üçün İdlibə əlavə sayda hərbçi göndərdi.

Əsəd qüvvələri hücumlarını dayandırmayacağı təqdirdə Ərdoğan daha böyük bir əməliyyata başlamağı ilə təhdid etdi. Türkiyə Suriyanın son zamanlar əldə etdiyi ərazilərdən imtina etməsini və qoşunlarını Soçi razılaşmasında göstərilən sərhədlərə geri çəkməsini istəyir.

Rusiya da bu təklifi rədd etdi və Ankaranı hərbiləşdirilmiş cihadçılar üzərində nəzarətin həyata keçiriləcəyinə dair verdiyi vədinə əməl etməməkdə ittiham etdi.

Əvəzində, Moskva Ankaraya İdlib vilayətinin ərazisinin 60% – nin Əsəd qüvvələrinin nəzarətinə keçməsi təklifini göndərib.

Türkiyə rəsmiləri də bu təklifi rədd ediblər. Onların fikrincə, 3 milyon İdlib sakinini Əsəd rejiminin mərhəmətinə buraxmaq olmaz.

Türkiyə ilə Rusiya arasındakı gərginlik ABŞ-ın oyuna qoşulmağına imkan verirmi?

NATO üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşmasını həyəcanla müşahidə edən bəzi ABŞ rəsmiləri Türkiyə-Rusiya münasibətlərində gərginliyin artması fonunda müəyyən imkan hiss ediblər.

Lakin çərşənbə günü Ərdoğan onunla birlikdə Azərbaycandan qayıdan jurnalistlərlə söhbətində bildirib ki, Birləşmiş Ştatlar tərəfindən vəd edilən dəstək heç də maddi deyil.

Türkiyə rəsmiləri isə Rusiyanın S-400 zenit-raket kompleksləri almaqdan imtina etmək istəmədiklərini nümayiş etdiriblər. Türkiyənin ABŞ ilə münasibətlərindəki mübahisənin əsas səbəbi budur.

“Türkiyənin Moskva ilə münasibətləri işgüzar və uzaqgörən xarakter daşıyır”, — deyə bir Avropa diplomatı vurğulayıb. O, bu münasibətlərə uzunmüddətli ziyan vurulacağına şübhə ilə yanaşır.

“Suriya münaqişəsi bu münasibətlərin elementlərindən yalnız biridir. Bu isə digər hesablamaları mütləq dəyişdirəcək”.

Bəs Türkiyə daxilində reaksiya necədir?

Türkiyənin müxalifət partiyaları Ərdoğanın Suriyaya qarşı siyasətini çox tənqid edirlər. Onlar sual verirlər: türk əsgərləri Suriyada niyə ölürlər?

Lakin onlar da Türkiyənin əlavə sayda qaçqın qəbul etməsinin əleyhinə çıxış edirlər. Rusiya kimi, müxalifət partiyaları da Ankaranın Əsəd rejimini tanımasını istəyirlər.

Eyni zamanda, Ərdoğan hakim koalisiyanın de-fakto tərəfdaşı, ultramillətçi Dövlət Baxçalının təzyiqi altındadır. O, həmçinin Türkiyə prezidentini Moskva və Dəməşqə qarşı sərt mövqe tutmağa çağırır.

Onları bir-birinə zidd olan bu cür tələblər bağlayır.

“İdlibdən tamamilə əsgərləri çıxarmaq, qaçqınlara Türkiyə ərazisinə keçməyə icazə vermək və azad edilən əraziləri Əsədin ixtiyarına vermək – bu, heç də Türk cəmiyyətinə xoş gəlmək üçün yaxşı variant deyil, — deyə Türkiyədə yerləşən “International Crisis Group” tədqiqat mərkəzinin direktoru Nigar Göksel vurğulayıb. — Amma türk əsgərlərinin həyatı naminə Suriya rejiminin qüvvələrini geri atmağın  mənası yoxdur. Bu heç də yaxşı həll vasitəsi deyil”.

İndi nəyi gözləmək olar?

Fevralın sonunda Ərdoğanın Suriya qoşunlarının geri çəkilməsi üçün qoyduğu son tarix yaxın bir neçə gün ərzində daha böyük türk hücumunun perspektivini açır. Ərdoğan isə gələn həftə Rusiya və İranın iştirakı ilə sammitin keçiriləcəyinə ümid edir.

Vaşinqton Yaxın Şərq siyasəti İnstitutunun (“Washington Institute for Near East Policy”) Türkiyənin öyrənilməsi üzrə proqram direktoru Soner Cagaptay hesab edir ki, Ərdoğan, Birləşmiş Ştatlardan fəal dəstək olmasa, son nəticədə, geri qayıtmağa məcbur olacaq.

“Mənim fikrimcə, Əsəd nəticədə bu ərazinin xeyli hissəsini tutacaq, Türkiyə isə çoxlu sayda qaçqın və Suriyanın şimalında “Qəzza zolağı” alacaq”, – deyə o bildirib.

Lakin digər müşahidəçilər Türkiyənin yalnız Suriya ərazisində deyil, həm də Türkiyə və Rusiyanın da vətəndaş müharibəsində qarşı tərəfləri dəstəklədiyi Liviyada eskalasiyaya getməyə hazır olduğunu deyirlər.

“Əgər heç bir razılaşma olmasa, mənim fikrimcə, Türkiyə Suriya rejiminə qarşı hərəkətə başlayacaq”, — “Brookings Doha Center” tədqiqat mərkəzinin elmi işçisi Qalip Dalay bildirib. – Bu zaman zorakılığın spiralının necə açılacağını təxmin etmək mümkün olacaq”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*