Konqo Demokratik Respublikası (KDR) Ruandanı ərazisini işğal etməkdə ittiham edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Konqo Silahlı Qüvvələri məlumat yayıb.
Belə ki, Konqo Ruanda ordusunun ölkə sərhədini keçdiyini bildirib.
“Sərhədlərin qorunmasına cavabdeh olan və hadisə yerinə göndərilən KDR Silahlı Qüvvələrinin bölmələri Ruanda ordusunun hücumuna məruz qalıb. Təxribat törədən Ruanda hərbçilərinin qarşısı alınıb”, – bəyanatda deyilir.
Hərbçilərin sayı hələlik məlum deyil, toqquşmalar zamanı mümkün itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, Konqo Demokratik Respublikası ilə Ruanda arasında münasibətlər 1994-cü ildə Ruanda soyqırımından sonra gərginləşib. 2021-ci ildə “M23” üsyançı qrupu Konqo ordusunun iki mövqeyinə hücum edərək bölgədəki gərginliyi artırıb. Qrup 2012 və 2013-cü illərdə qiyam zamanı Konqonun şərqindəki əraziləri ələ keçirib.
Konqo Ruanda hökumətini yaraqlıları dəstəkləməkdə ittiham edir. Ruanda isə öz növbəsində KDR-i Hutu etnik qrupunu təmsil edən üsyançılarla əməkdaşlıqda ittiham edir. Bu qrup Konqoda yerləşir.
İqbal Rzayev,
KONKRET.az