İki xalqın övladı – Şahverdi Babayev – FOTOLAR/VİDEObackend

İki xalqın övladı – Şahverdi Babayev - FOTOLAR/VİDEO

Bu gün Azərbaycanımızı dünyanın müxtəlif ölkələrində yaşayaraq ləyaqətlə təmsil edən elə oğullarımız var ki, onların fəaliyyətlərini izlədikcə qürur hissi keçirməyə bilmirsən. Məhz belə insanlar şərəfli əməlləri ilə digər xalqlarla dostluq və qardaşlıq münasibətlərimizin daha da sıxlaşmasında böyük rol oynayır. 40 ilə yaxındır Qazaxıstanda yaşayıb-işləyən həmyerlimiz Şahverdi Babayev də bu baxımdan adını fəxrlə çəkdiyimiz və qardaş ölkə ilə münasibətlərimizə öz töhfələrini verən dəyərli soydaşlarımızdandır.

Qeyd edək ki, bu il həmyerlimizin 60 illik yubileyidir. KONKRET.az bu əlamətdar hadisəyə laqeyd qalmayaraq, qardaş ölkədə xoşməramlı fəaliyyəti ilə tanınan və sevilən soydaşımızın zəngin həyat yoluna nəzər salmağı özünə borc bildi. Beləliklə, Şahverdi Babayevi yaxından tanıyaq.

Sahverdi Ağadadaş oğlu Babayev 1959-cu ildə Lənkəranın Gərmətük qəsəbəsində anadan olub. 1976-cı ildə elə həmin qəsəbədə orta təhsilini başa vurduqdan sonra bir müddət Lənkəran Şəhər Müəllimlər Evində çalışıb. Az müddətdən sonra Qazaxıstanın Almatı şəhərinə hərbi xidmətə yollanıb. Və elə həmin ildən də, yəni 20 yaşından etibarən Şahverdi Babayevin qardaş ölkə ilə ömür bağlılığı başlayıb.

Artıq 40 ilə yaxın sürən bu bağlılıq həmyerlimizə Qazaxıstan dövləti və xalqının böyük sevgisini qazandırıb. 20 yaşlı gənc kimi Qazaxıstanın kolxoz bazarlarının birində kiçik biznes fəaliyyətindən “Altın Orda” kimi nəhəng ticarət mərkəzinə rəhbərliyə qədər yüksələn soydaşımız bütün uğur və nailiyyətlərə gərgin əməyinin nəticəsində nail olub. Ş.Babayev 1982-ci ildə daxil olduğu Moskva Ticarət İnstitutunun Almatı filialını 1986-cı ildə bitirməklə fəaliyyətini ali təhsilli ticarətçi kimi daha mükəmməl şəkildə  davam etdirməyi bacarıb. Məhz elə bu bacarığın fərqində olan bazarın o vaxtkı baş direktoru Altınbek Albıyev onu əsas ticarət zallarından birinin rəhbəri təyin etməklə öz çevrəsinə yaxınlaşdırıb. İllərdir ticarət sahəsində böyük təcrübə qazanan, yüksək idarəetmə qabiliyyəti ilə minlərlə insanın sevimlisinə çevrilən həmyerlimiz hazırda Kostilensk rayonunda yerləşən “Altın Orda” kimi böyük ticarət mərkəzinin rəhbərdır. “Altın Orda” bu gün təkcə qazaxların yox, Kostilenskə gələn hər bir turistin, qonağın ən sevimli məkanlarındandır. Mərkəzdə 5000-dən çox işçi çalışır ki, bu qədər insanın buradan hər gün evinə ruzi aparması həmyerlimiz Şahverdi Babayevin işgüzar fəaliyyətinin nəticəsidir.

Qardaş ölkədən daim xoş sorağı gələn soydaşımız Şahverdi Babayev nəcib və xeyirxah əməlləri ilə də ölkəmiz və xalqımız adına daim başucalığı gətirib. Onun 2010-cu ildə Qazaxıstanda sel daşqınları zamanı evləri dağılan insanların taleyinə biganə qalmayaraq onlara böyük maddi yardımlar etməsi, həmçinin bu günə qədər uşaq evlərinə, imkansız ailələrə köməkliklər göstərməsi Türk dünyasının iki qardaş ölkəsi – Azərbaycan və Qazaxıstanın dostluq əlaqələrinin möhkəmlənməsində atdığı uğurlu əməli addımlardandır.

Şahverdi Babayev uzun illərdir ölkəmizdən kənarda yaşasa da, doğulub-böyüdüyü Gərmətük qəsəbəsini və Lənkəran rayonunu da heç vaxt diqqətdən kənarda saxlamayıb. El-obasına bağlı olan həmyerlimiz Azərbaycanın müxtəlif rayon və şəhərlərində yüzlərlə yerli sakinin işlə təmin olunmasına şərait yaratmaqla yanaşı, müxtəlif xeyriyyəçilik fəaliyyətilə Babayevlər nəslinin adını tarixə yazıb.

 

Təsadüfi deyil ki, həmyerlimizin bu xidmətləri Qazaxıstan və Azərbaycan dövlət başçıları tərəfindən diqqətdən kənarda qalmayıb. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2015-ci ilə onu ölkədə sosial inkişafın gücləndirilməsi, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi” yubiley medalı ilə təltif edib.

2016-cı ildə isə Prezident İlham Əliyevin sərəncamıyla xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İdarə Heyətinin üzvü kimi ictimai-siyasi fəallığı ilə də seçilən Ş.Babayev 2017-ci ildə qardaş ölkənin sosial inkişafının gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrdə göstərdiyi maddi dəstəyə və digər xidmətlərinə görə “Qazax xalqının adamı” fəxri adı və medalı ilə təltif edilib.

Şahverdi Babayev Azərbaycandan uzaqda yaşayıb işləsə də, o, doğma Vətəninin taleyinə heç vaxt biganə qalmayıb. Təsadüfi deyil ki, həmyerlimiz 2016-cı il Aprel döyüşləri zamanı ordumuzun torpaqlarımızın azad edilməsi istiqamətində keçirdiyi əməliyyatlardan ruhlanaraq, Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Ş.Babayev müraciətdə Ali Baş Komandanın əmri ilə başda özü olmaqla rəhbərlik etdiyi mərkəzdə çalışan iki mindən çox azərbaycanlının torpaqlarımızın ərazi bütövlüyünün bərpasına qalxmağa hazır olduğunu bildirib.

Həmyerlimiz nəinki təcrübəli iş adamı, böyük ictimaiyyətçi və layiqli vətəndaşdır, o, həmçinin, qayğıkeş ailə başçısı, gözəl atadır. Şaxina adlı sevimli qızı və zəhmətkeş atası Ağadadaş kişinin adını daşıyan oğlu həyatının mənası, onun qürur mənbəyidir.

Əminliklə deyə bilərik ki, ömrünün 60 ilini şərəflə yaşayan, kiçik məqalə daxilində birə-bir sadalaya bilmədiyimiz böyük əməllər sahibi olan Şahverdi Babayev də Azərbaycan və qazax xalqlarının qürur mənbəyidir. Və illər ötsə də, o, xeyirxah və humanist əməlləri ilə tarixdə iki qardaş xalqın böyük xeyriyyəçi övladı kimi daim yaşayacaqdır.

Qələmə aldı: Sevinc Paşayeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*