Ermənistan Milli Təhlükəsizlik Xidməti “Sputnik Ermənistan”ın Zəngəzur Mis-Molibden Kombinatında keçirilən etirazlarla bağlı sorğusuna cavab verməyib.
KONKRET.az xəbər verir ki, maaşların artırılmasını tələb edən işçilərin tətili fevralın əvvəlində başlayıb və təxminən 10 gün davam edib.
Şirkət rəhbərliyinin bildirdiyinə görə, orada 4600 işçidən 200-ə yaxını iştirak edib. Fevralın 11-də rəhbərlik zavodun fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Ancaq Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı susmağı tərcih edir və yerli medianın suallarını cavablandırmır.
“İstintaq Komitəsinin Sünik (Zəngəzur -red) Regional İstintaq İdarəsində araşdırma aparılır, ona görə də məlumat almaq üçün onlarla əlaqə saxlamağınızı tövsiyə edirik”, – deyə Ermənistan MTX-dən bildirilib.
Bundan əvvəl zavodun baş direktoru Roman Xudoliy bildirmişdi ki, müəyyən qüvvələr zavodun işçi heyətindən istifadə edərək, onun maliyyə axınına nəzarəti ələ keçirmək üçün etirazlara rəvac verir.
Bu arada Ermənistan İstintaq Komitəsi zavod rəhbərliyinin məlumatlarından sonra Cinayət Məcəlləsinin 460-cı maddəsi (özbaşınalıq) ilə cinayət işi açıb. Onlar, xüsusən, etirazçılardan bəzilərinin şirkətin işçisi olmadığını hətta Kacaranda və ya Qafanda yaşamadıqlarını bildiriblər.
Zəngəzur Mis-Molibden Kombinatı Ermənistanın ən böyük sənaye müəssisəsi və vergi ödəyicisidir. 2024-cü ildə şirkət büdcəyə 100 milyard dramdan (256 milyon dollar) çox vəsait ödəyib.
Müşviq Tofiqoğlu
KONKRET.az