Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
KONKRET.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü, 1.1.22-ci, 1.1.34-cü maddələrində, 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü, 9.3.6-cı, 9.4.2-ci, 10.3.5-ci, 10.4.1-ci, 11.3.6-cı, 11.4.1-ci, 12.5.3-cü, 12.6.5-ci maddələrində, 13.8-ci maddəsinin ikinci cümləsində, 17.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 18.2-ci, 18.5-ci, 18.7-ci maddələrində, 19.4-cü maddəsinin dördüncü cümləsində, 19.5-ci maddəsinin birinci cümləsində, 19.7-ci, 20.1-ci, 20.2-ci, 21.3-cü, 22.1-ci maddələrində, 24.3-cü maddəsinin birinci cümləsində, 24.7-ci, 24.8-ci, 25.3-cü, 25.4-cü, 26.2-ci, 28.6-cı, 30.1 – 30.3-cü və 30.4-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 22.1-ci və 30.4-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.4-cü, 1.1.22-ci, 6.3-cü maddələrində, 17.1-ci maddəsinin üçüncü cümləsində, 18.5-ci, 18.7-ci, 20.2-ci, 21.3-cü və 25.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 9.3.6-cı, 9.4.2-ci, 10.3.5-ci, 10.4.1-ci, 11.3.6-cı, 11.4.1-ci, 12.5.3-cü, 12.6.5-ci maddələrində, 13.8-ci maddəsinin ikinci cümləsində, 18.2-ci maddəsində, 19.5-ci maddəsinin birinci cümləsində, 24.8-ci və 30.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 20.1-ci və 24.7-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 24.3-cü maddəsinin birinci cümləsində və 25.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 19.4-cü maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;
1.9. həmin Qanunun 17.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
1.10. həmin Qanunun 19.7-ci maddəsində “orqan (qurum)” dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
1.11. həmin Qanunun 1.1.34-cü və 30.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.12. həmin Qanunun 30.3-cü və 30.4-cü (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.13. həmin Qanunun 28.6-cı və 30.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. doqquz ay müddətində:
2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.2.1. həmin Qanunun 1.1.4-cü maddəsinə uyğun olaraq, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddini;
2.1.2.2. həmin Qanunun 1.1.22-ci maddəsinə uyğun olaraq, qazdan istifadə qaydalarını;
2.1.2.3. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, qaz təchizatı sisteminə dair qaydaları;
2.1.2.4. həmin Qanunun 17.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;
2.1.2.5. həmin Qanunun 18.5-ci maddəsinə uyğun olaraq, qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını;
2.1.2.6. həmin Qanunun 18.7-ci maddəsinə uyğun olaraq, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
2.1.2.7. həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi qaydasını;
2.1.2.8. həmin Qanunun 21.3-cü maddəsinə uyğun olaraq, ixtisas attestatının formasını, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını;
2.1.2.9. həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
3.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Qanunun 24.8-ci maddəsinə uyğun olaraq, qaz təchizatı obyektlərinin texniki istismar qaydalarını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:
4.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə uyğun olaraq, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
6.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq müddəalarının qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
6.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.
7. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576 (Cild I); 2025, № 4 (I kitab), maddə 346) ləğv edilsin.
8. Bu Fərmanın 1-ci və 7-ci hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.