“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onların ermənilərə olan sevgisindən qaynaqlanır”.
Bunu KONKRET. az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib:
“Avropa parlamenti Azərbaycana sanksiyaların tətbiq edilməsiylə bağlı qətnamə qəbul edib. Həmin qətnamənin məzmununa baxanda adama elə gəlir ki, sanki bunu Ermənistan parlamenti qəbul edib. Avropalılar ermənidən daha çox erməni olmağa çalışıblar. Amma onların qəbul etdikləri sadəcə heç bir hüquqi gücə malik olmayan kağız parçasıdır. Bu sənəd o zaman təsiredici olardı ki, 30 il əvvəl BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə icra olunardı. Maraqlıdır ki, həmin qətnamələri icra edə bilməyən BMT Təhlükəsizlik Şurası Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra bir yerə toplaşır və həyata keçirmədikləri qətnamələri yerinə yetirdiyinə görə Azərbaycanı ittiham edir. Bu qədər təzadlı, bu qədər ziddiyətli, bu qədər ikiüzlü mövqe sərgiləyirlər. Ona görə də AP-nin qətnaməsi də mahiyyətinə, məzmununa, qərəzliliyinə görə adi kağız parçasıdır. Bu qətnamə ilə onlar Azərbaycanı haqlı mövqeyindən döndərə bilməyəcəklər”.
Daha sonra Qranadada keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısına münasibət bildiriən politoloq bildirib ki, bəzi qüvvələr Avropada ermənipərəst klub yaradıblar və ona görə də Azərbaycan tərəfi həmin görüşdən imtina edib:
“Azərbaycanın zirvə görüşündən imtinasına səbəb həm də Türkiyənin iştirakını tələb etməsiydi. Türkiyənin orada iştirakına qarşı olan tərəflər həm də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirdilər. Prezident İlham Əliyev də tam haqlı olaraq Qranada səfərindən imtina etdi. Çünki Avropada ermənipərst klub yaradıblar və həmin klubda Azərbaycan prezidentinin sülh gündəliyi ilə bağlı hansısa bir güzəştlərə məcbur etməklə bağlı plan qurublar. Qranada ssenarisi məhz məkrli plan idi. Prezident İlham Əliyev hər dəfə olduğu kimi bu dəfə də onların planını pozdu. Ermənilərin Avropadakı dostları da bunu gözləmirdilər. Paşinyan bu görüşün keçirilməsindən bir müddət əvvəl demişdi ki, Qaranadada heç bir sülh sazişi olmayacaq. Amma İlham Əliyev Qranada səfərindən imtina etdikdən sonra Paşinyan deyir ki, biz sülh sazişi imzalayacaqdıq, Azərbaycan prezidenti buna mane oldu. Bu cür təfəkkürlü siyasətçi ilə görüşdən imtina etmək tam yerinə düşdü. Qranada görüşündə Fransadan, Almaniyadan daha çox Türkiyənin iştirak etmək haqqı var idi. Çünki Ermənistan Türkiyəyə də ərazi iddiaları irəli sürür”.
Dünən daha bir siyasi hadisə Soçidə baş tutdu. Valday diskussiya klubunda çıxış edən Rusiya prezidenti Vladimir Putinin çıxışına münasibət bildirən politoloq qeyd edib ki, Rusiya prezidenti Cənubi Qafqazda baş verən reallıqları dilə gətirib: “Vladimir Putin Azərbaycanın atdığı addımların ölkə qanunvericiliyinə uyğun olduğunu deyib. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanımasına toxunub. Əslində Putin mövcud olmayan heç bir şey haqqında danışmadı. Qeyd etdi ki, Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimi heç vaxt tanımayıb və bu gün Ermənistanın həmin rejimin müdafiəsinə qalxması da absurddur. Bu sözləri Ermənistana təkcə Rusiya deməməlidir. Bunu ermənilərə Avropa İttifaqına üzv olan dövlətlər də deməlidir. Amma avropalılar susurlar. Putin isə Cənubi Qafqazda baş verən reallıqları, Azərbaycanın 2-ci Qarabağ müharibəsindən sonra dəyişdiyi və ortaya qoyduğu yeni reallıqların aspektlərini dilə gətirdi”.
Vəli Həsənov,
KONKRET.az