Əliyevlə Tokayev bir-birlərini təbrik etdibackend

Əliyevlə Tokayev bir-birlərini təbrik etdi

Azərbaycan və Qazaxıstan prezidentləri bir-birlərini təbrik edib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə bir-birlərinə təbrik ünvanlayıblar.

Prezident İlham Əliyev bildirib ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirib:

“Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır”.

Qasım-Jomart Tokayev isə qeyd edib ki, ölkələr arasında əməkdaşlığın əsas sahələrini əhatə edən bu tarixi sənəd Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olub və bir çox istiqamətlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradıb:

“Əminəm ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmlənməsini təmin edəcəyik, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığın böyük potensialını reallaşdıracağıq”.

***

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi təbrik edib.

KONKRET.az təbrikin mətnini təqdim edir:

“Hörmətli Qasım-Jomart Kemeleviç,

“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.

Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.

Qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur. İkitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirəlayiqdir.

İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Qasım-Jomart Kemeleviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*